Sovet sevdalısı "Kommunist" qəzeti - 20 Yanvar faciəsindən 2 gün öncə görün nələr yazıbmış...

21:15 19 Dekabr 2022

Bir necə vaxtdır ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan, ilk sayı 1919-cu ildə çap olunan, əvvəl bolşevik, sonra kommunist partiyasının ideologiyasını təbliğ edən “Kommunist” qəzetinin müxtəlif illərdə çap olunan bir çox saylarını gözdən keçirdim. Bu uzun illərdə qəzetin nə forması, nə də məzmunu dəyişib. Xüsusən də qəzet 1920-ci ilin aprel işğalından necə sovet sevdalısı olubsa, 1990-cı ildə də (sonuncu sayına, 1991-ci ilin 27 avqustuna kimi) bu sevdadan usanmayıb. Hətta 1990-cı ilin qanlı 20 yanvar faciəsindən əvvəl də, sonra da. Bax təəccüblüsü, və təəssüflüsü də budur...

İlk sayı 29 avqust 1919-cu ildə işıq üzü görən “Kommunist”in ilk redaktoru Əliheydər Qarayev olub. O Ə.Qarayev ki, “Azərbaycanda rus və erməni nüfuzunun möhkəmlənməsində əlindən gələni edərək bu yolda ən şərəfsiz işlərdən belə çəkinməyən, milli duyğulara nifrət bəsləyən” şovinist bir bolşevik-kommunist olub.

Elə Ə.Qarayevdən sonra qəzetə müxtəlif illərdə redaktorluq edən Həbib Cəbiyev, Ruhulla Axundov, Əli Vəliyev, Xasay Vəzirov və başqaları da ölkəmizdə “kommunist partiyasının Azərbaycan xalqının mənafeyinə zidd olan bütün tapşırıqlarını danışıqsız, can-başla yerinə yetirməkdə” heç də Ə.Qarayevdən geri qalmayıblar. Odur ki, sovetləşmə qəzetin canına neçə hopmuşdusa, heç 1990-cı ildə də bundan çıxa bilmirdi.

“Kommunist” qəzetinin 17 yanvar 1990-cı il tarixli, 14-cü sayı qarşımdadır. Qəzetdəki bütün yazıları, informasiyaları, hətta ən kiçik elanı belə dönə-dönə oxuduqca böyük təəssüf hissi keçirdim. Çünki qəzetdə baş verəcək faciə haqqında (20 yanvar faciəsinə iki gün qalıb) bir cümlə belə tapmadım. Ola bilməzdi ki, qəzetin rəhbərliyinin bu haqda informasiyası olmasın. Yeri gəlmişkən qeyd edim ki, bu zaman qəzetin redaktoru görkəmli jurnalist Cəmil Əlibəyov idi. Bakıya gətirilən o böyük ordu bir kibrit qutusu deyildir ki, xəlvəti ciblərində gətirsinlər. Təbii bu ordunun Bakıya çağrılmasından da, gətirilməsindən də “Kommunist” qəzetinin rəhbərliyinin və qəzetə əksər informasiyaları verən “Azərinform”un rəhbərliyinin də xəbəri var idi.

Unutmayaq ki, “Kommunist” qəzeti Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı idi, “Azərinform”da birbaşa Mərkəzi Komitəyə tabe idi. Odur ki, hər ikisinin də rəhbərliyi Mərkəzi Komitədə baş verən bütün hadisələr haqqında informasiyalı idilər. Əvvəla onu qeyd edim ki, qəzetin 17 yanvar 1990-cı il (faciədən cəmi iki gün qabaq) tarixli sayında çap olunan məqalələrin və informasiyaların əksəriyyətinin sonunda “Azərinform” yazılıb.

Qəzetin birinci səhifəsində Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəlada vəziyyət elan edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı çap edilib. Həmin fərmanın aşağısında Bakı Şəhər Partiya Komitəsinin plenumu” sərlövhəli məqalə verilib. Məqalədə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi M.R. Məmmədovun çıxışı öz əksini tapıb. Yoldaş M.R.Məmmədov çıxışında qeyd edib ki, “yanvarın 13-də və 14-də xüliqan ünsürlər Bakıda yaşayan ermənistanlı köçkünlərin səbatsız qismini qanunsuz hərəkətlərə sövq edə bilmişdir. M.R. Məmmədovun “səbatsız-?”, “xüliqan” adlandırdığı qanı-qanından, canı-canından olan soydaşları idi ki, ermənilər hər şeylərini əllərindən alaraq, öz doğma evindən-eşiyindən, elindən-obasından didərgin salmışdılar.

“Azərinform” tərəfindən verilən növbəti informasiya “Görüşlər keçirilmişdir” adı ilə çap edilib. İnformasiyadan belə məlum olur ki, “17-yanvar 1990-cı ildə Sovet İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri U.M.Primakov, Sov.İKP MK katibi A.N.Girenko Azərbaycan KP MK-nın birinci katibi Ə.X.Vəzirovla görüşmüşlər... Görüş səmimi fikir mübadiləsi şəraitində keçmişdir”. “Kommunist”in “səmimi” adlandırdığı bu görüş zamanı ölkəmizə hər gün ən azı 10-15 şəhid gəlirdi, ermənilər minlərlə soydaşımızı öz doğma ata-baba yurdundan didərgin salmışdılar, yüzlərlə kəndlərimizi, qəsəbələrimizi, bir necə rayonu viran edib xaraba qoymuşdular.

Təbii bunlar SSRİ rəhbərliyinin xeyir-duası, Moskvanın dirijorluğu ilə həyata keçirilirdi. Bizim “Kommunist” qəzeti isə hələ utanmaz-utanmaz “səmimi” görüşdən yazırdı. Açıram qəzetin ikinci səhifəsini. Burada Quba konserv zavodundan, Zaqatala Tikiş fabrikindən, Sumqayıtın iqtisadi və sosial inkişafından və s. bəhs edən məqalələr, informasiyalar, xəbərlər. Bunları oxuduqca yadıma “Kommunist”in 1920-30-40-50-60-70-80-ci illər də Kommunist Partiyasının qurultaylarından, plenumlarından (Leninin, Stalinin, Brejnevin, sonra da minlərlə azərbaycanlının qətlinə bais olan M.Qorbaçovun çıxışlarından) “ruhlanaraq” beşilliyi, dörd ildə yerinə yetirmək uğrunda apardığı mübarizə məzmunlu məqalələr düşür. Təəssüf, çox-çox təəssüf. Deyəsən “Kommunist” qəzeti üçün zaman 1920-30-40-50-60-70-80-ci illər idi. Hələ də Moskvaya, “böyük qardaşına” mədhiyyə deməkdə idi. O, M.Qorbaçov ki, onun əmri ilə cəmi iki gün sonra Sovet Ordusunun əsgərləri öz azadlığı uğrunda ayağa qalxan xalqın övladlarını qanına qəltan etdi.

Yadıma mollanəsrəddinçi Ömər Faiq Nemanzadənin “İrşad” qəzetinin 13 sentyabr 1906-ci il tarixli sayında, “Ümid” imzası ilə çap olunan “Ağacı qurd içindən yeyər” başlıqlı məqaləsindən bir cümləsi düşdü. “Özgələrin bizə zülm və həqarət etməyinə hamıdan artıq özümüz ... köməkçi oluruq”.

Əməkdar jurnalist Qərənfil Dünyamin qızı

Xüsusi olaraq Sitat.info üçün 

 

 



Xəbər xətti