Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağdakı separatçıların “başçısı” Arayik Arutyunyan İrəvanda birgə toplantı keçiriblər.
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir. Belə ki, baş nazirin müavini Mher Qriqoryan və digər nazirlərin də iştirak etdiyi toplantıda Qarabağdakı ermənilərlə bağlı məsələlər müzakirə olunub.
N.Paşinyan deyib ki, 2022-ci ildə Ermənistan hökuməti Qarabağ separatçılarına təxminən 144 milyard dram məbləğində maliyyə yardımı göstərəcək. 2021-ci ildə isə bu rəqəm 100 milyard dramı keçib.
Baş nazir deyib ki, müharibədən sonra, Ermənistanda sosial vəziyyət hökumətin istədiyi kimi deyil, sosial vəziyyət qənaətbəxş sayılmır, inflyasiya artıb. Bununla belə o, Ermənistanın Qarabağ separatçılarına yardımı artırdığını vurğulayıb.
Separatçıların “başçısı” Arayik Arutyunyan isə Ermənistan hökumətinin rəhbərinə Qarabağda yaşayan mülki ermənilərin problemlərindən və onların həlli yollarından danışıb.
Qeyd edək ki, ötən ilin sonunda Nikol Paşinyan Qarabağın müstəqilliyi və statusu məsələsinə ümid bəsləməyin mənasız olduğunu bəyan edəndə Arayik Arutyunyandan sərt cavab almış və onlar arasındakı münasibətlər gərginləşmişdi.
Bu gərginlik fonunda hiddətlənən Paşinyan komandasına demişdi ki, müharibədən sonra Qarabağ separatçılarına çox böyük maliyyə yardımı göndərilib, lakin onun xeyli hissəsi “Arayik və onun qohumlarının ciblərindən” çıxıb.
Ermənistanlı siyasi ekspertlər dünənki toplantıdan sonra belə bir sual səsləndiriblər: Paşinyan Qarabağa göndərilən maliyyə vəsaitini mənimsəmiş Arutyunyanı niyə cəzalandırmadan 2022-ci ildə daha çox pul ayırır?