"Paşinyan tezliklə Bakının bu tələbinə görə erkən seçkiyə gedəcək" - Karapetyan

\"Paşinyan tezliklə Bakının bu tələbinə görə erkən seçkiyə gedəcək\" - Karapetyan
SİYASƏT 23 Oktyabr 2026 19:17

“Mənə elə gəlir ki, Nikol Paşinyan hökuməti tələsik növbədənkənar parlament seçkilərinə getməyə çalışacaq”.

Sitat.info xəbər verir ki, bunu parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib.

“Mənə elə gəlir ki, hakimiyyət tələsik növbədənkənar parlament seçkilərinə getməyə çalışacaq. Çünki Rusiya qazın qiyməti məsələsini, Azərbaycan Konstitusiya məsələsini, Avropa İttifaqı isə müxtəlif azlıqların hüquqları ilə bağlı qanunları gündəmə gətirəcək”, - o bildirib.

Karapetyan qeyd edib ki, bütün bu tərəflər Baş nazir Nikol Paşinyandan verdiyi vədləri yerinə yetirməyi tələb edəcək:

“Rusiya çox yaxın zamanda qazın qiyməti məsələsini gündəmə gətirəcək. Bütün soydaşlarımız bunu bilsinlər, bu, faktdır. Hakim partiya da bunu bilir. Dəfələrlə bəyan ediblər ki, ilin sonunadək bu istiqamətdə addımlar atmaq istəyirlər. Çünki Paşinyan Avropa ilə münasibətlərin təminatlı olmasına nail olmadan Rusiya ilə münasibətləri korlayıb. Avropa bizi qəbul etməyib, Rusiya ilə isə münasibətləri pisləşdirib.

İkinci məsələ isə Azərbaycanın qarşısında Konstitusiyanın dəyişdirilməsi ilə bağlı götürülmüş öhdəlikdir.

Bundan başqa, Avropa İttifaqına inteqrasiya ilə bağlı bir neçə məsələ var ki, hakimiyyət onları tədricən həyata keçirməyə çalışmalı olacaq. Onların niyə ailə dəyərlərinin qorunması məsələlərindən bu qədər çox danışdıqlarını bilirsinizmi? Əslində, onlar həmin dəyərlərin avropalaşdırılması istiqamətində irəliləyirlər. Bunu zamanla görəcəksiniz”.

Nikol Paşinyan dünən parlamentdə konstitusion çoxluğu (“Vətəndaş Müqaviləsi” Partiyası son seçkilərdə 49,81 faiz səs qazanıb) təmin etmək və yeni Konstitusiyanın qəbul edilməsini təmin etmək məqsədilə erkən parlament seçkilərinin keçirilməsini istisna etməyib: “Müxalifətdəki həmkarlarımızı bunun çox vacib və fundamental məsələ olduğuna inandırmağa çalışacağıq”.

Baş nazir əlavə edib ki, bu, uğursuz olarsa, Ermənistanın hakim partiyası növbədənkənar seçkilər də daxil olmaqla, digər ssenariləri də həyata keçirəcək.