“Qəbələ” səfərdə “Araz-Naxçıvan”a qalib gəldi - Premyer Liqa

“Qəbələ” səfərdə “Araz-Naxçıvan”a qalib gəldi - Premyer Liqa
İdman 23 Oktyabr 2026 17:50

Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında “Araz-Naxçıvan” və “Qəbələ” komandaları qarşılaşıb.

Sitat.info xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Əkbər Əkbərzadənin idarə etdiyi qarşılaşmada “Qəbələ”nin qollarını İsmael Akinade (8-ci dəqiqə) və İsaak Amoah (48-ci dəqiqə) vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Mohamed Mara (36-cı dəqiqə) imza atıb.

Bu nəticədən sonra Yuri Maksimovun rəhbərlik etdiyi “Qəbələ” 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Hələ qələbə qazanmayan “Araz-Naxçıvan” isə 2 xalla sonuncu – 12-ci yerdədir.

Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Tura oktyabrın 25-də yekun vurulacaq.