Komitə sədri Bakı məktəblərindəki sıxlıqdan danışdı

Komitə sədri Bakı məktəblərindəki sıxlıqdan danışdı
SİYASƏT 23 Oktyabr 2026 11:40
"Müəllimin təhsili valideynlərdən daha azdırsa, o cəmiyyətin aydın gələcəyi haqqında düşünmək olduqca çətindir. Bizdə məktəblərdə ən böyük problemlərdən biri, xüsusilə də Bakı məktəblərində şagird sıxlığı ilə bağlıdır".

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib. 

Komitə sədri bildirib ki, bunun nümunəsini 192 saylı məktəbdən misal gətirərək göstərmək istəyir: "Məktəbdə 850 şagird yeri var və bu məktəbdə 2551 uşaq təhsil alır. Üç dəfə sayından çox. Müəllim dərs saatı ərzində bir şagirdlə maraqlanmaq üçün 30 saniyə vaxt tələb olunur, bundan artıq vaxtı yoxdur. Bu məktəbdə uşağı necə savadlı, hazırlıqlı və tələblərə uyğun yetişdirmək mümkündür? Bunu bir məktəbin nümunəsində dedim, xüsusilə Bakı şəhərində çox sayda belə məktəblər var və bu problem həllini mütləq tapmalıdır".