"Rusiyanın Ukraynaya təcavüzü, işğal cəhdi, günahsız insanları bombalaması, kənd və şəhərləri viran qoymaq cəhdi dünya taxıl bazarına ciddi təsir edib-edəcək də, deməli qiymətlər artacaq".
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli SİTAT.İNFO-ya açıqlamasında bildirib.
O, vurğulayıb ki, dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb:
"Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq, nəzərə alsaq ki, Ukrayna, ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcək, bu da fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək.
2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.
2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixaracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb".
İqtisadçı deyib ki, Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır: "Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq, deməli, o ölkədən gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkə daxilində unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək. Keyfiyyətli buğda istehsalı nə çətin işdir ki, bu günə qədər hökumət bunu bacarmadı?! Taxıl əkib-becərməyi insanlıq 10-11 min ildir öyrənib, bu iPhone, kompüter, digər texnoloji məhsullar deyil ki, bacarmaq çətin olsun. Anlayıram, neftin qiyməti qalxdıqca tənbəllik artır. Hökumət düşünür ki, pulumuz var, hər şey alarıq – amma anlamırlar ki, elə bir dövrə qədəm qoya bilərik ki, pulunuz əlinizdə qala bilər, fiziki olaraq taxıl-buğda almaq imkanı olmaya bilər. Taxıl, buğda təhlükəsizlik məsələsidir, yetəri qədər istehsal etməyi özümüz bacarmalıyıq, belə məsələnin həlli özümüzdən asılıdır, ağıllı qərarların, koordinə edilmiş addımların zamanıdır".