"Ukrayna savaşının MDB məkanında son 30 ildə mövcud olan situasiyanı ciddi şəkildə dəyişəcəyi qətiyyən şübhə doğurmur. Bu dəyişikliyin hansı keyfiyyət və məzmunu daşıyacağı barədə danışmaq hələ çox tezdir. Ancaq bundan sonra heç bir şeyin əvvəlki kimi olmayacağı artıq inkaredilməz reallıqdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
O bildirib ki, bununla belə, postsovet məkanının məruz qala biləcəyi geopolitik dəyişiklikləri müxtəlif variantlarda ehtimal etmək mümkündür: "Belə ki, əgər, Rusiya qalib gələrsə, MDB məkanı tamamilə Kremlin hegemoniyası altına düşmüş olacaq. Ancaq Rusiyanın qələbəsindən danışarkən, sadəcə, Ukraynanın tam şəkildə işğal olunması yetərli deyil.
Çünki, Rusiya Ukraynanı işğal edərək, ABŞ və Qərbin sanksiyaları qarşısında tab gətirə bilməzsə, bu, qələbə deyil, əslində, böyük məğlubiyyət olacaq. Yəni, Rusiyanın tam qələbəsi üçün ABŞ və Qərbin də Kreml qarşısında geri çəkilmək məcburiyyətində qalması vacibdir ki, bu da hazırda qətiyyən inandırıcı görünmür".
E.Xalidbəyli hesab edir ki, hazırda ikinci variantın reallaşa biləcəyi hadisələrin inkişafı baxımından daha real təsir bağışlayır: "Belə ki, Rusiya Ukraynanı işğal edə bilib-bilməməsindən asılı olmayaraq, ABŞ və Qərbin sanksiyaları, daha dəqiq desək, total blokadası qarşısında təslim olarsa, o zaman Kremlin bütün MDB məkanı üzərində nəzarət mexanizmlərini tamamilə itirməsi qaşılmaz xarakter daşıya bilər. Və bu halda, Rusiyanın öz sərhədləri içərisinə qapanmış adi dövlətlərdən birinə çevrilməsindən danışmaq lazım gələcək.
Məhz bu variant Cənubi Qafqazın gələcək taleyini dəyişə və ümumiyyətlə, ciddi şəkildə müəyyən edə bilər. Məsələ ondadır ki, Rusiya ehtimal olunduğu kimi, zəifləyib, indiki hegemon gücünü itirəcəyi təqdirdə, ABŞ və Qərb tədricən postsovet məkanında Kremldən boşalan yeri tutmağa başlayacaq. Bu haldasa, Türkiyə və Azərbaycan faktoru ön plana keçməyə başlayacaq. Belə ki, Türkiyə Rusiyanın çəkilmək məcburiyyətində qalacağı Qara dəniz, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya bölgələrində öz təsir gücünü artırmağa başlayacaq. Çünki rəsmi Ankara bütün bu regionlarda kifayət qədər ciddi istinad dayaqlarına sahibdir".
Siyasi şərhçi onu da vurğuladı ki, böyük ehtimalla ABŞ və Qərb də müəyyən geopolitik şərtlər daxilində, Türkiyənin yuxarıda sadaladığım regionları öz nəzarəti altına almasına ciddi müqavimət göstərməyəcək: " Çünki, NATO ölkəsindir. Bu isə o deməkdir ki, Türkiyənin Qara dəniz, Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya bölgələrində öz nəzarət mexanizmlərini qurması, həm də NATO-nun bu regionlara nüfuz etməsi anlamı daşıyacaq. Digər tərəfdən, həmin regionlarda milli-etnik faktorları nəzərə aldıqda, bu bölgələrə indiki halda, ABŞ və Qərb yalnız Türkiyə üzərindən daha asan şəkildə yerləşə bilər".
E.Xalidbəyli diqqətə çatdırdı ki, belə vəziyyətdə Cənubi Qafqazda və ümumiyyətlə, bütün dünyada “erməni faktoru” öz əhəmiyyətini tədricən itirməyə başlayacaq: "Çünki ABŞ və Qərbin hazırda Ermənistana yönəlik həssaslığı daha çox rəsmi İrəvanın Rusiyanın regional forpostu olmasıyla birbaşa bağlıdır. Ona görə də, ABŞ və Qərb indiyə qədər erməni diasporunun da yardımları ilə Ermənistanı Rusiyadan qoparmağa cəhd göstərirdi. Ancaq Rusiya zəifləyib, Cənubi Qafqazda mövqelərini itirməyə başlayacağı təqdirdə, buna elə bir ciddi ehtiyac qalmayacaq. Və Qərb Cənubi Qafqazda hegemonluğu tam əlinə keçirəcək Türkiyə-Azərbaycan ittifaqı ilə strateji tərəfdaşlığa üstünlük verəcək. Burada Azərbaycanın enerji resursları və yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti də xüsusi rol oynaya bilər".
Siyasi şərhçinin fikrincə, eyni zamanda, zəifləmiş, sanksiyalar altında əzilən Rusiya üçün də Azərbaycanın strateji əhəmiyyəti artmış olacaq: " Kreml Cənubi Qafqazın iqtisadi-ticari layihələrində, eləcə də, yüksək gəlir vəd edən nəqliyyat-kommunikasiya dəhlizlərindən istifadə etməyə ehtiyac duyacaq və Azərbaycana möhtac qalacaq. Və bu halda, Rusiya üçün də “erməni faktoru” öz əhəmiyyətini itirmiş olacaq.
Təbii ki, Ermənistanda hadisələrin inkişaf istiqamətlərinin rəsmi İrəvan üçün “qaranlıq məzmun” daşıdığını artıq hiss etməyə başlayıblar. Ona görə də, son günlər Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından dah tez-tez danışmağa başlayıb. Erməni baş nazir son günlər artıq “artsax”ın tanınmasından deyil, məhz Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin hüquqlarının təmin edilmıəsindən danışır. Böyük ehtimalla Rusiyanın zəifləyəcəyi təqdirdə, Azərbaycanın rus sülhməramlıları Xankəndi və ətraf bölgədən çıxaracağını rəsmi İrəvan elə indidən hesablamağa başlayıb. Yəni, rəsmi İrəvan hazırda Azərbaycanla normal münasibətlər qurulmasının Ermənistan üçün artıq taleyüklü məsələyə çevrilməkdə olduğunu anlayır.
Onu da qeyd etmək lazımdır ki, zəifləmiş Rusiya böyük ehtimalla Xankəndi və ətraf bölgədən rus sülhməramlıların çıxarılması barədə Azərbaycanın tələblərinə müqavimət göstərməyəcək. Ümumiyyətlə, Rusiyanın postsovet məkanının müxtəlif bölgələrində sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirmə dövrü də artıq bitmək üzrədir. Dünyada Rusiya hərbi kontingentlərinə sülhməramlı missiya verilməsinə qətiyyən müsbət yanaşılmır. Rusiyanın bütün dünyada sülhə və əminamanlığa ən ciddi təhlükə hesab olunduğu bir dövrdə russülhməralıların Xankəndi və ətraf bölgədə qalması mümkün deyil.
Bununla belə, Azərbaycanın hələlik daha ehtiyatlı və səbrli davranması da vacibdir. Çünki vaxtından əvvəl atılmış hər hansı addım sonradan Azərbaycana müəyyən problemlər də yarada bilər. Ona görə də, səbrlə bütün geopolitik şərtlərin uyğun hala gəlməsini gözləmək lazımdır".