Fazil Mustafa:“Bilmirəm Türkiyə buna niyə can atır. Aİ göstərdi ki, o, öz ciddi döyüş qabiliyyəti olmayan qurumdur”
Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün müraciətini qəbul edib. Bu barədə Avropa Parlamentinin iclasının onlayn yayımında bildirilir. Qeyd olunur ki, Avropa parlamentariləri qəbulla bağlı xüsusi üzvlük prosedurunu işə salıblar. Aİ-nin bu qərarından sonra daha 2 ölkə ittifaqa daxil olmaq üçün çağırış edib . Bunlardan biri Türkiyə olub. Qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib ki, Türkiyə ittifaqa daxil olmaq üçün uzun zamandır ki, müraciət edib. Amma nəticəsiz qalıb:Ə
"Hazırda Aİ-də Ukraynanı üzv kimi daxil etmək ilə əlaqəli gündəm yaranıb. Təbii ki, bzi heç kimi ittifaqa qəbul edin ya etməyin demirik. Biz özümüzün məsuliyyətini daşıyırıq. Amma indi Ukraynını Aİ-yə qəbul etmə səylərini təqdirlə qarşılayırıq. Bu gözəl addımdır. Amma Aİ, görəsən, niyə hələ də Türkiyəni üzvlüyə qəbul etməkdə tərəddüd edir?!".
“Türkiyə özü Aİ maştabında bir ölkədir”
Digər ölkə isə Gürcüstandır.Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Avropa İttifaqı onun ölkəsini bu quruma qəbulunu sürətləndirməlidir. Zurabişvilinin Britaniyanın qəzetinə müsahibəsində söyləyib ki, Ukraynada baş verən hadisələr Avropa İttifaqına (Aİ) daxil olmaq istəyən qonşu ölkələr üçün yeni “imkanlar pəncərəsi” açıb. “Biz (Rusiyaya) zəif nöqtələrimizin olduğunu hiss etdirməməliyik. Aİ bizim uzunmüddətli gözləntimizə cavab verməyin yollarını tapmalıdır. Bizə bir ailənin parçası olduğumuzu hiss etdirməlidir”, - deyə 69 yaşlı siyasətçi vurğulayıb. Zurabişvili Ukraynadakı vəziyyət fonunda Avropanın göstərdiyi qətiyyəti alqışlayıb, lakin qeyd edib ki, 2008-ci ildə Gürcüstanda baş verən münaqişədən sonra Aİ eyni qətiyyət nümayiş etdirə bilməyib.
“Biz də Ukrayna qədər gözlədik...Biz də eyni yoldayıq, bizimlə də hesablaşmaq lazımdır... Bizi unutmaq olmaz”, - deyə o əlavə edib.
Türkiyə və Gürcüstanın Aİ-yə müraciətini “Sherg.az”a millət vəkili Fazil Mustafa dəyərləndirib. O bildirib ki, Türkiyənin hazırda Avropa İttifaqına üzv olmağına ehtiyac yoxdur:
“Bilmirəm Türkiyə buna niyə can atır. Aİ göstərdi ki, o, öz ciddi döyüş qabiliyyəti olmayan qurumdur. Konkret olaraq, bir situasiyada Avropa özünü qoruyacaq bir imkana sahib deyil. Yalnız pulla hər şey həll olunmur ki?! Təsəvvür edin, Türkiyə Aİ - nin üzvü olsaydı, qərar olacaqdı ki, müharibədə türk əsgəri də iştirak etsin. Amma indi üzv olmadığına görə, Türkiyə daha müstəqil addım ata bilir. O baxımdan, Aİ-nin Türkiyəyə nə dərəcədə faydalı olub-olmadığını müəyyənləşdirilmək elə də asan deyil. Fikrimcə, hazırda faydalı deyil. Belə olan halda Türkiyə daha müstəqil siyasət yeridə bilir”.
Deputat hesab edir ki, Avropa Türkiyəyə qarşı ədalətsizliyin bədəlini ödəyir:
“Elə indi Aİ- nin özünün Türkiyəyə ehtiyacı var. Son hadisələr zamanı hər kəs üzünü Türkiyəyə çevirdi ki, onun mövqeyinə baxsınlar. Təsəvvür edin ki, bu ölkələrin içindən bir dənə döyüş qabiliyyətli orduya sahib olanı Türkiyədir. İndi axtarırlar ki, belə bir ölkə varmı ki, ortaya çıxa bilsin? Yoxdur. Amerika Birləşmiş Ştatları PKK-nı və YPG-ni dəstəkləyir, Türkiyəyə qarşı onları silahlandırır. İndi də Türkiyəyə söz deyə bilmirlər. Nə deyəcəklər? Rəsmi Ankara deyəcək ki, sizin terrorçularınızla döyüşürəm. Bu baxımdan Türkiyənin Aİ-nin “çətiri” altında olmaqdansa, belə müstəqil mövcud olması daha faydalıdır. Çünki yoxsa bütün yükü Türkiyənin üzərinə qoyacaqlar. Bu Türkiyənin nəyinə lazımdır?! Türkiyə nə Ukraynadır, nə Gürcüstan. Elə Türkiyə özü Aİ maştabında bir ölkədir.Guya, iqtisadi cəhətdən biraz müsbət təsir edəcək. Amma hələ bu da şübhəlidir. Belə bir vəziyyətdə heç bir quruma üzv olmadan, müstəqil siyasət yeritməsi daha məqsədə uyğundur”.
“Gürcüstanın ərazi bütövlüyü məsələsi təhdid altındadır. Özü də indiki Gürcüstan hakimiyyəti NATO-ya, Aİ -yə daxil olmağa elə də maraq göstərmirlər”
Millət vəkili Gürcüstanın Aİ-yə üzv olmaq üçün yetərincə səy göstərmədiyini düşünür:
“Gürcüstanın ərazi bütövlüyü məsələsi təhdid altındadır. Özü də indiki Gürcüstan hakimiyyəti NATO-ya, Aİ -yə daxil olmağa elə də maraq göstərmirlər. Bunu elə ümumi kurs olaraq elan edirlər. Amma fədakarlıq göstərmirlər. Yəqin Aİ bütün bunları nəzərə alır və buna görə də onlar bir mövqe ortaya qoymaq istəmirlər”.