Bakıda ilk gizli mətbəə - “Nina” necə yarandı?

18:32 16 Yanvar 2023

         Bakıda inqilabi ideyaların yayılmasında “Nina” mətbəəsi çox mühüm rol oynadı. Bu gizli mətbəəni İ.Stalinin yaxın dostu Lado Ketsxoveli yaratmışdı.

        Əvvala onu qeyd edim ki, Vladimir İliç Leninin və İosif Vissarionoviç Stalinin göstərişi ilə 20-ci yüzilliyin əvvəllərində Rusiyadan, Gürcüstandan, Ermənistandan əsli-nəsli bilinməyən, türk-müsəlman dünyasına xüsusi nifrəti olan gedalar “inqilabı iş aparmaq”, “Lenin-Stalin siyasətini həyata kecirmək”, “Sosializmi qurmaq” adı ilə Bakıya göndərildilər. Stepan Şaumyan, Sergey Mironovic Kirov, Levon Mirzoyan, Anastas Mikoyan, Aleksandır Pavlovic Serebrovski və daha kimlər, kimlər. Onlardan biri də Stalinin ən yaxın dostu Lado Ketsxoveli kimi tanınan Ketsxoveli Vladimir Zaxaryeviç idi. İllər sonra onların Bakıda “hökumət qurmaq”, yoxsa Azərbaycanı işğal etmək, sərvətlərinə sahib olmaq istəkləri bəlli oldu. Bu haqda görkəmli tədqiqatçı yazar Manaf Süleymanovun “Son bahara çatdıq...” adlı əsərində yetərincə dəyərli faktlar var.

       Azərbaycanın təbii sərvətlərinə, xüsusən də neftinə sahib olmaq üçün Bakıya gələn bu gedalar həyasızcasına Azərbaycanı talan etdilər. Aprel işğalının ikinci günü “1920-ci il aprelin 29-dan Azərneftə və Bakı Sovetinə rəhbər rus təyin edilmişdi və bu on illərlə beləcə davam etmişdir”.

        1876-cı ildə anadan olan Lado çox gənc yaşlarında inqilabi fəaliyyətə başlayıb. Buna səbəb Tiflisdə Stalinlə tanışlığı olub. 1893-cü ildə tələbələrin tətilini təşkil etdiyi üçün onu Tiflis ruhani seminariyasından xaric edirlər. O, 1894-cü ildə Kiyev Ruhani seminariyasına daxil olur və burada da gizli inqilabi fəaliyyətini davam etdirir. 1896-cı ildə bu seminariyanı bitirən Lado inqilabi fəaliyyətinə görə həbs edilərək vətəninə sürgün edilir. Rusiya Sosial Demokrat Fəhlə partiyasının Tiflis Komitəsinin üzvü olan Lado “1898-1899-cu illər də Tiflisdə inqilabi ədəbiyyatın nəşri və yayılması, proletariatın tətil və nümayişlərinin keçirilməsi işləri ilə məşğul olur”.   

       1900-cü ilin yanvar ayında Stalinin göstərişi ilə Bakıya gələn Lado, əvvəlcə burada gizli mətbəə yaratmaq tapşırığını alır. Lado Bakıda müxtəlif ad və soyadla, gah “Dimitriaşvili, gah da Nikolay Melikov adında saxta pasportla inqilabi iş aparmağa başlayır”. Bakıda gizli mətbəəni açmaq üçün Stalin Lado ilə mütamadi əlaqə saxlayır və “mətbəə üçün lazım olan vəsait və avadanlığın göndərilməsi ilə şəxsən özü məşğul olsa da” bu iş üçün Ladoya rəsmi sənəd lazım idi. Təbii çar hökuməti buna razı olmayacaqdır. Odur ki, əliəyrilikdə heç də dostu Stalindən geri qalmayan Lado “...üstündə Elizavetpol qubernatorunun titulu olan bir blank ələ geçirir. O, bu blankda qubernatorun adından öz adına mətbəə təşkil edilməsi və mətbəəyə lazım olan hər çür avadanlığın alınması icazəsinin verildiyini yazır və blankın arxasında Elizavetpol qubernatorunun əvəzinə qol çəkir. Vəsiqəni rəsmiyyətə salmaq üçün o Bakı notariusu vasitəsilə əvvəlcə bu vəsiqənin sürətini çıxartdırır, sonra isə onu notariusda möhür və imza ilə təsdiq etdirir”.

    Beləliklə, Lado 1901-ci ildə Bakıda ilk gizli mətbəə “Nina”, “Vorantsov küçəsi ilə Balaxanı küçəsinin tinində olan bir evdə fəaliyyətə başlayır”. 1902-ci ildə Lado yenidən həbs edilərək Bayıl həbsxanasına salınır. Bu xəbəri eşidən dostu Stalin onu Metex həbsxanasına (Tiflis) köçürtdürür ki, yenidən onu azad etdirsin. Amma bu dəfə onun arzusu ürəyində qalır. Ladonu “1903-cü ilin 17 avqustunda Metex həbsxanasında pəncərədən güllə ilə vurub öldürürlər”.

       Cəmi 27 yaş yaşayan Lado inqilabi fəaliyyətindən çox dostu Stalinin qara əməllərinin qurbanı olur. Xəmiri oxurluqla, quldurluqla, yalanla, rüşvətlə yoğrulan  Sovet hökuməti bax buna görə daxıldı. Çünki onu yaradanlar da, idarə edənlər də Lenin, Stalin, Lado, Şaumyan, Kirov və onların “silahdaşı” olan, nəsli-nəcabəti bilinməyən gedalar idi.   

        Əməkdar jurnalist Qərənfil Dünyamin qızı   

Xüsusi olaraq Sitat.info saytı üçün...

        



Xəbər xətti