Dünya karantindən imtina edir: Azərbaycanda bu rejim ləğv ediləcəkmi?

12:45 5 Mart 2022

Artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər. Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyili yumşalıldı, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılmaqdadır.

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı daha hansı addımların atılması məqsədəuyğun olardı?

SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb: "Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur. Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı". 

 

İqtisadçı alim vurğuladı ki, qarşıdan yeni turizm mövsümü gəlir: "2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər".

SİTAT.İNFO



Xəbər xətti