Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyanın başı qaldadır.
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Armen Sarkisyanın prezident seçilməzdən əvvəl Sent Kitts və Nevis vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq.
Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı iş başlanmışdı. Baş Prokurorluq MTN-ə bu iş çərçivəsində “Hetq.am”-ın dünən yaydığı məlumatı yoxlamağı təklif edib.
Sözügedən KİV-in yazdığına görə, Armen Sarkisyan prezident seçilənə qədər (2018-ci il) Karib dənizindəki kiçik Sent Kitts və Nevis ştatının vətəndaşlığına malik olub. İddia olunur ki, A.Sarkisyan xarici ölkə vətəndaşlığı daşıdığına onun prezident seçilmək hüququ yox imiş.
Xatırladaq ki, hələ 2021-ci il martın 30-da Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığa malik olması faktının gizlədilməsi ilə bağlı cinayətə dair 53 hüquqşünas hesabat təqdim edib. Məlumata görə, Armen Sarkisyan ən azı 10 il (2003-2012-ci illərdə) Britaniya vətəndaşlığına malik olub və 2018-ci ildə Ermənistan qanunlarından yan keçərək prezident seçilib.
Ölkə Konstitusiyasına görə, əvvəllər altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.
Bir neçə gün öncə - yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona sistemli daxili və xarici siyasət problemlərinə təsir göstərməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.