Ermənilərin Azərbaycana təcavüzü, ərazi iddiaları, azərbaycanlılara qarşı soyqırımı və hərbi cinayətlərinin tarixi yüz ildən çoxdur ki, davam edir. Vətən müharibəsində Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.
Qarabağ Azadlıq Təşkilatının həyata keçirdiyi “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər üzrə materialların toplanması və təbliği” layihəsi üzrə Gəncədə toplanılan faktlar mənfur ermənilərin insanlığa zidd əməllərinin daha bir sübutudur. Məhz, dinc sakinlərin qətlə yetirilməsi məqsədilə açılan atəşlər nəticəsində qədim Gəncənin yaşlı insanları ilə bərabər dünyanın gərdişindən xəbərsiz, hələ yaxşı-yamanı seçməyi bilməyən məsum uşaqlar öldürülüb, yaxud da valideynlərini itirərək ömürlük intizara məhkum olunublar.
Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən uşaqların bəziləri onları son mənzilə yolasalma mərasimində iştirak etsələr də, bəziləri elə kiçik yaşda olublar ki, hələ də valideynlərinin evə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. 16 yaşlı Sevil və qardaşı - 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı Ermənistanın şəhərə raket hücumları nəticəsində itiriblər. Valideynlərinin dəfn mərasimində bu uşaqlar dərin sarsıntı və hüzn içərisində iştirak ediblər. Terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Adil Əliyev, anası Günay Əliyeva və ata nənəsi Afaq Əliyeva Gəncəyə raket hücumu nəticəsində həlak olublar. Faciə Nilayın gözləri qarşısında baş verib. Partlayışdan dərhal sonra atası Nilayı qucağına alıb, evdən çıxararaq küçəyə aparıb. Sonra isə anasını və həyat yoldaşını xilas etmək üçün evə dönüb. Lakin həmin an baş verən ikinci partlayışdan sonra hər üçü şəhid olub. Hadisə 2 yaşlı Nilayın psixikasında dərin sarsıntı yaradıb. İndi onun 4 yaşı var, ancaq dəhşətli dərəcədə qorxduğundan kənar adam görəndə dinib-danışmır, kimi görürsə, ilk olaraq soruşur ki, mənim atam-anam hanı? Doğmalarını itirmiş uşaqlara dövlət hər cür qayğı göstərir. Nilaya Gəncədə ikiotaqlı mənzil verilib. Ana babası Zahid Babazadə və nənəsi ilə yaşayır. Dövlət onun təhsilinin də qayğısına qalacaq. Məktəb yaşına çatanda Bakıdakı xüsusi təyinatlı məktəbdə dövlət hesabına təhsil alacaq. Lakin dünyada ata-ana nəfəsi qədər övlada həyan olan ikinci bir nəfəs varmı?!
Erməni silahlı bölmələrinin 2020-ci il oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb. Ermənistan ərazisindən atılan raketin dağıtdığı evlərin qalıqları altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurban olublar. Valideynlərini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabında əhəmiyyətli miqdarda vəsait toplanıb.
QAT heyəti Gəncə səfərində çoxsaylı şəhid ailələri ilə də görüşdü. Həmin insanlarla söhbətlərdə günümüzün aktual məsələsi olan “Ermənilərlə dost olmaq olarmı?” sualına da cavab axtarıldı. Şəhidlərimizdən xüsusi təyinatlı snayper Vüsal Əsgərovun anası Hüsniyyə Əsgərova, əmisi Birinci Qarabağ müharibəsində həlak olan və əmisinin qisasını İkinci Qarabağ müharibəsində almağa and içən, əhdini yerinə yetirən, 3 bacının tək qardaşı Səxavət Həsənovun anası Xatirə Həsənova, cəbhəyə könüllü yollanan Şöhrət Əliyevin anası Aygün Əliyeva və başqaları qətiyyətlə bildirdilər ki, ermənilərdən bizə dost olmaz.
Gəncə terrorunun dəhşətlərini canlı olaraq yaşamış balaca Bəxtiyarla bir neçə kəlməlik müsahibə də ermənilərin xəyanətkarlığına tutarlı zərbədir:
“-Erməniləri tanıyırsanmı, kimdir onlar?
-Ermənilər bizim düşmənlərimizdir.
-Biz onlarla dost olaqmı, onlara deyəkmi ki, adamları öldürmək olmaz?
-Ermənilərdən dost olmaz, onlar mənim dostlarımı öldürüblər, mən ölənləri gözlərimlə görmüşəm”.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Bu faktlar göstərir ki, işğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirib. Dövlətimizin başçısı İlham Əliyev törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırmışdır.
Qarabağ Azadlıq Təşkilatı
SİTAT.İNFO