3 slavyan ölkəsi Ukraynaya dəstək verdi: Kiyev liderliyi Moskvadan alır?

17:18 16 Mart 2022

 

Polşa, Çexiya və Sloveniya baş nazirləri Kiyevə səfər etdi. Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə həmin ölkələrin baş nazirləri ilə görüşüb.

Görüş öncəsi Polşa Baş naziri Mateuş Moravetski Feysbuk hesabında paylaşımı diqqət çəkmişdi: “Bu gün, Rusiyanın Ukraynaya təcavüzünün 20-ci günü ukraynalılarla həmrəyliyimizi nümayiş etdirmək üçün baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya Baş naziri Petr Fiala və Sloveniya Baş naziri Yanez Yanşeylə Kiyevə gedirik”, - Moravetski bildirib.

Aydın məsələdir ki, belə bir səfəri təşkil edən şəxs Polşa Baş naziri Mateuş Moravetskidir. Polşa slavyan əsilli xalq olsa da ən az Ukrayna qədər Rusiyadan nifrət edir. Məsələnin tarixi aspekti bir yana, siyasi baxımdan Varşava ilə Moskva arasında münasibət hər zaman soyuq və ehtiyatlı olub. Təsadüfi deyil ki, bu gün Ukraynaya dəstək verən ölkələrdən biri də Polşadır.

Rəsmi Varşava Qərbdən və ABŞ-dan Ukraynaya gələn yardımın öz ərazisindən sərbəst keçməsinə şərait yaradır. Bundan başqa Polşa tərəfi Ukraynaya silah və iqtisadi yardım da edir. Çexiya da bənzər şəkildə Rusiyaya qarşı soyuq münasibət göstərib. Hətta bu məsələdə Polşa ilə eynilik təkil etdiyini də demək olar. Mövcud Ukrayna-Rusiya müharibəsi isə bu münasibətləri daha da pisləşdirdi. Misal üçün Çexiyanın Baş naziri Petr Fiala müharibə ilə əlaqədar Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Bundan başqa rəsmi Praqa Ukraynada Rusiyaya qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verib.

Hətta Çexiya müdafiə naziri Yana Çernoxova açıqlayıb ki, 400-ə yaxın könüllü Ukraynada döyüşmək üçün müraciət edib. Slavyanlar Kiyev-Moskva arasında qütbləşir Maraqlıdır ki, Polşa, Çexiya Sloveniyanın əksinə, Serbiya, Xorvatiya, Slovakiya və Bolqarıstan Ukraynaya dəstək nümayiş etdirmir. Daha doğrusu adları çəkilən ölkələr kimi birbaşa yardım etmir. Düzdür, burada ölkələrin mövcud müharibəyə yanaşma fərqlilikləri olsa da hesab edirəm əsas fərq bu ölkələrin Kremli panslavian ideologiyasının mərkəzi, eyni zamanda slavyan ölkələrinin lideri kimi görmələridir.

Serbiya və Bolqarıstan tarixi və siyasi baxımdan Kremllə ən sadiq dövlətlərdir. Bu gün də əksi bir davranış sərgiləmir. Xorvatiyaya gəldikdə isə Prezident Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibədən öncə açıqca qeyd etmişdi ki, ölkəsi bu müharibədə NATO ilə birlikdə iştirak etməyəcək. Yəni Qərbə ən yaxın sayılan Xorvatiya belə Ukrayna-Rusiya müharibəsində Kiyevi dəstəkləmədiyi kimi, Kreml əleyhinə formalaşan qütbdə yer almaq istəmir. Nəticə etibarilə deyə bilərik ki, Ukrayna-Rusiya müharibəsi uzandıqca slavyan dövlətlər də Kiyev və Moskva arasında qütbləşəcək. Bu qütbləşmə müharibə sonrası özünü daha qabarıq formada göstərə bilər.

Turan Rzayev 



Xəbər xətti