Avropa ölkələri ABŞ-ı təbii qaza görə "sata bilər"... ŞƏRH

22:36 26 Yanvar 2022

"ABŞ Rusiyanın “təhlükəsizlik müqaviləsi” tələbinə yazılı cavab verib: detallar məlum deyil, lakin bunun rusların ürəyincə olmayacağı bəllidir. Blinken cavabda “müsbət məqamların” olduğunu desə də, NATO-nun “açıq qapı” prinsipindən əl çəkməyəcəyini vurğuladı. O cümlədən, cavabdan öncə NATO-nun Şərqi Avropaya əlavə qoşun göndərmək qərarı da bu versiyanı gücləndirir".

Sitat.info xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı açıqlayıb. 

Onun sözlərinə görə, Şərqi Avropaya göndərilən qoşunun mümkün eskalasiyada Ukraynanın müdafiəsində rol alacağı şübhə doğurur:

Bu qərarın başqa hədəfləri var:

- NATO Rusiya təhlükəsinə qarşı üzv ölkələrinin müdafiəsini artırır;

- ABŞ Rusiyanın Şərqi Avropadan çıxmaqla bağlı tələbinə yazılı cavabdan öncə praktiki addımla cavab verdi;

Vaşinqtonun yazılı cavabı indi verməsinin isə iki mümkün səbəbi ola bilər:

1. ABŞ Rusiya ilə qarşıdurmada ilk nəticəni əldə edib;

Bayden Administrasiyasının ABŞ-ın liderlik etdiyi cəbhəni yenidən formalaşdırmaq üçün əvvəldən Ukraynadan istifadə etdiyi aydın görünürdü, hədəf xüsusilə Moskva və Pekinlə açıq yaxınlaşma xəttini tutan Avropanı əvvəlki siyasətə qaytarmaqdır. Və bunun üçün Rusiya təhlükəsi əsas vasitə olaraq seçilib. Burada Vaşinqtonla Moskvanın fərqli və ortaq maraqlarının olması ayrı mövzudur. Lakin NATO çərçivəsində qəbul edilən son qərarlar, Almaniyanın Ukraynaya tətbiq etdiyi silah embarqosunu az da olsa yumşaltması, Şərqi Avropaya göndərilən ittifaq ordusuna Fransanın da qoşulması və hər iki ölkənin Rusiyaya qarşı açıq bəyanatlar verməsi Vaşinqtonun strategiyasında ilk nəticə hesab edilə bilər.

Bu kontekstdə Fransa və Almaniya liderlərinin Berlin görüşü də diqqət çəkir. Makron və Şolz rus işğalına qarşı müttəfiqləri ilə (ABŞ və NATO) birgə hərəkət edəcəklərini açıqladılar.

2. Avropanın mövqeyi ABŞ-ı qane etmir və Vaşinqton gərginliyi yüksəldir;

Berlin görüşü Makronla Şolzun Baydenlə iki məqamda fikir ayrılığının qaldığını da təsdiqləyir.

Birincisi, danışıqlar formatıdır: Berlin və Paris “Normand formatı”nın bərpasını, Putinlə dialoqun aparılmasını istəyir; bu, ABŞ-ın prosesdən təcrid edilməsi və NATO daxilində parçalanma yaradan amildir.  İkincisi, enerji sektoruna qarşı sanksiyalardır: Almaniya və Fransa Rusiyaya qarşı sanksiylar paketinə enerji sektorunun daxil edilməsini istəmir: bu mövqe Avropanın digər ölkələri tərəfindən də dəstəklənir.  \Bu vəziyyət Moskva qarşısında Vaşinqtonun əlini zəiflədir. Və çıxış strategiyası gərginliyin yüksəldilməsi ilə təhlükənin miqyasını artırmaq ola bilər. Təsadüfi deyil ki, Bayden Putinə yazılı cavabını Makronla Şolzun Berlin görüşündən dərhal sonra göndərdi: cavabda rusların tələblərinin qəbul edilməməsi qarşıdurmanı daha da genişləndirəcək və vəziyyətin kəskinləşməsi Parislə Berlini Moskvaya qarşı Vaşinqtonun cəbhəsində tam təmsil olunmağa məcbur edə bilər;

Vaşinqtonun istəyinə nail olması gözləntisi çoxdur, lakin Qərb cəbhəsinin birləşməsinin Ukraynanın Rusiya qarşısında müdafiəsini gücləndirəcəyi hələ də sual altındadır.



Xəbər xətti