Xankəndidə erməni “aksiyası”: nə istəyirlər?

13:54 14 İyul 2023

Xankəndidə erməni separatçılarının “ciddi təlaşı” ilə aksiya başlayıb. Aksiya həm də guya antirusiya xarakteri daşıyır. Çünki separatçı tör-töküntüsünün qatı antirus mövqeyi ilə seçildiyi haqda rəy yaradılan “dövlət katibi” Qurgen Nersisyan mitinqin əsas aparıcısıdır.

Aksiya iştirakçıları rus sülhməramlıların Xocalıda yerləşən mənzil-qərargahı önünə də “dəyib-qayıtmağı” nəzərdə tuturlar. İddialara görə, aksiya hər gün davam edəcək.

Ermənilər nə istəyir?

Guya 30 min uşaq da daxil olmaqla, 120 min erməni icması təhlükə altındadır, qısa müddətdə bütün qida ehtiyatı tükənəcək, mağazalar boşalıb, insanlar aclıqla üz-üzə qalıb və s. Ona görə də bu “humanitar fəlakətə” qarşı çıxırlar.

Əvvəla, Xankəndidə “blokada” səbəbindən insanların aclıqla üz-üzə qalması cəfəngiyyatdır – bunu Xankəndidəki sosial şəbəkə istifadəçilərinin paylaşımları da sübut edir: israfçılıq da edirlər, əylənirlər də, krallar kimi yaşayırlar da – videolarına buradan baxa bilərsiniz;

İkincisi, Xankəndi və ətrafında “30 mini uşaq olmaqla 120 min erməni” yaşamır: bu, yalan statistikadır və ermənilər bu saxta statistikanı hallandırmaqla sadəcə beynəlxalq qurumlarda “qeydə düşmək” istəyirlər;

Üçüncüsü, əgər “blokada” səbəbindən hər hansı aclıq qorxusu varsa, Azərbaycan Ağdamdan istənilən məhsulu almaq üçün təklif verib. Xankəndidən İrəvana 323 km, Xankəndidən Ağdama isə cəmi 36 km-dir: müddət – İrəvandan Xankəndiyə 5 saat 4 dəqiqə, Xankəndidən Ağdama 36 dəqiqədir. Niyə erməni icması bu qədər sərfəli, yaxın məsafədən istifadə edib, azuqəsini, tələb olunan malı təmin etməməlidir? Niyə başqa ölkədən, həm də 10 dəfə uzaq məsafədən təmin etməlidir?

Ağdamdan alınan malların daşınmasında nə post keçəcəksən, nə də hər hansı nəqliyyat çətinliyi olacaq. Erməni separatçılar “120 min” deyə iddia etdikləri, əslində isə 40 minə çatmayan erməni icmasını niyə girov saxlayır? Niyə onlara imkan verilmir ki, daha normal yaşasınlar?

Çünki iddiaları Azərbaycan ərazisini talamaq, mümkün olduqca daha çox sərvət toplamaq, Ermənistan büdcəsindən ayrılan vəsaitləri silməkdir.

Yeri gəlmişkən, Qarabağda guya 120 min erməni əhalinin yaşaması iddiası ilə Ermənistan büdcəsindən külli miqdarda pul da silinir. Çünki onların kommunal xərclərini, pensiya, təqaüd və maaşlarını Ermənistan ödəməyə davam edir. 2023-cü il üçün Qarabağdakı separatçılara 370 milyon dollar (üstəlik, “humanitar yardımlar”) ayrılıb. Bu vəsait kimlərinsə cibinə axır.

Nersisyan “mitinqdə” çıxış edərək, deyib ki, Qarabağda yaşayan insanların təhlükəsizliyini və hüquqlarının, o cümlədən öz müqəddəratını təyin etmək hüququnun prioritet dəyər kimi tanınmasını istəyirlər.

Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyi və hüquqlarının təminində heç bir problem yoxdur. Ancaq “müqəddərat” məsələsi 2020-ci il 10 noyabrda “cəhənnəmə, gora” göndərilib və Prezident İlham Əliyev də qeyd etdi ki, bu məsələ 10 noyabr 2020-ci ildə göndərilən yerdə qalmağa davam edəcək - əbədi.

Bu aksiya ilə nəyə nail ola bilərlər?

Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır. Hətta ABŞ rəsmən elan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində təhlükəsizlikdə olacaqlar.

Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlarla birgə tanımağa hazır olduğunu bəyan edib. İndi əsas müzakirə Ermənistanın ərazi bütövlüyünü hansı sərhədlər daxilində Azərbaycanın tanımasıdır.

Bu baxımdan ermənilərin separatçı-terrorçu fəaliyyətlərinin və məzmunsuz aksiyasının hər hansı nəticələrindən danışmağa dəyməz. Ancaq əlbəttə ki, 15 iyul Brüssel görüşü öncəsi bu aksiyanın təşkili, eyni zamanda, Azərbaycana inteqrasiyanın tərəfdarı olan Vitali Babayanın aksiyadan bir gün əvvəl, gecə ilə həbsi təsadüf deyil...

Görünür, sülh sazişinin Moskvada bağlanması üçün Rusiya ciddi çalışır./Axar.az



Xəbər xətti