"Bu qərarla əlillik dərəcələrinin verilməsi asanlaşacaq" - Deputat Vüqar Bayramov ŞƏRH ETDİ

11:45 15 May 2024

"Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bəs, yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı alim, deputat Vüqar Bayramov bildirib ki,  son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq: "Belə ki, müddət gözlənilmədən göndəriş (forma 88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətəndaşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək".

Deputat vurğulayıb ki, artıq bir çox xəstəliklər üzrə gözləmə müddəti minimuma endiriləcək: "Belə ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək. 
Digər mühüm məqam, əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır. Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi. Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi prosedurlarını azaltmaqla yanaşı bu sahədə əlçatanlığı artıracaq".

Nərgiz,

Sitat.info



Xəbər xətti