"Hərbi xidmətə çağırış üzrə yeni modelə keçid hələ tezdir" - Hərbi ekspertdən MÜHÜM AÇIQLAMA

\"Hərbi xidmətə çağırış üzrə yeni modelə keçid hələ tezdir\" - Hərbi ekspertdən MÜHÜM AÇIQLAMA
TƏHLİL 18 Sentyabr 2026 17:15

"Hərbi xidmətə çağırış üzrə yeni model təklifləri uzun müddətdir ki, səsləndirilir. Lakin mövcud vəziyyətdə — həm cənubumuzda, həm də şimalımızda müharibələrin davam etdiyi bir vaxtda, üstəlik Ermənistan ilə yekun sülh sazişinin imzalanmadığı və Ermənistanın üzərinə götürdüyü bir çox öhdəlikləri, o cümlədən Zəngəzur dəhlizinin açılması və onun təhlükəsizliyinin təmin edilmədiyi bir dövrdə Azərbaycanın xidmət müddətinin azaldılması və ya fərqli bir modelə keçid məsələsini müzakirə edəcəyi inandırıcı görünmür".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O bildirib ki, bu kimi müzakirələrin aparılması mümkündür və bunu təbii hesab edir: "Lakin bunun üçün uyğun zaman yetişməlidir. Hələlik Silahlı Qüvvələrimizin qarşısında kifayət qədər böyük vəzifələr durur. Biz əsas vəzifəni icra etmişik, lakin Silahlı Qüvvələrimiz təhlükəsizliyin təmin olunması məsələsində və baş verən münaqişələr fonunda ortaya çıxa biləcək bütün tapşırıqları yerinə yetirə biləcək sayda döyüş tərkibinə və imkanlarına malik olmalıdır.

Buna görə də hərbi xidmət müddətinin qısaldılması və ya sərbəst qrafikin seçilməsi ilə bağlı müzakirələri hələlik tez hesab edirəm. Gələcəkdə təhdidlər aradan qalxdıqdan və vəzifələr tam yerinə yetirildikdən sonra, əlbəttə ki, bu tür addımlar atıla bilər. Daha kompakt, çevik və az xərc tələb edən ordu modelinə keçmək mümkündür. Lakin regionda baş verən müharibə, münaqişə və toqquşmalar hələlik buna imkan vermir"

Nigar,

Sitat.info

Digər XƏBƏRLƏR