"İdeal həyat yoldaşı axtarışı real insanı olduğu kimi qəbul etməyə mane olur" - Psixoloq nələr danışdı...
"Azərbaycanda nikahların sayının azalmasını, boşanmaların artmasını və ailələrdə uşaqların sayının aşağı düşməsini yalnız bir səbəblə izah etmək düzgün olmazdı. Burada insanların həyata, ailəyə, münasibətlərə və valideynliyə baxışında baş verən dəyişikliklər mühüm rol oynayır. Əvvəllər müəyyən yaşa çatdıqdan sonra ailə qurmaq insan həyatının təbii və demək olar ki, zəruri mərhələsi kimi qəbul edilirdi. Bu gün isə gənclər nikaha daha fərdi və şüurlu yanaşırlar. Təhsilini başa çatdırmaq, peşəkar mövqe qazanmaq, iqtisadi müstəqilliyini təmin etmək və özünü daha yaxşı tanımaq istəyi ailə qurmaq qərarının daha gec verilməsinə səbəb olur. Bu, insanların ailə institutundan imtina etməsi demək deyil. Sadəcə, nikaha hazırlıq və həyat yoldaşından gözləntilər dəyişib".
Bu sözləri Sitat.info-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.
O bildirib ki, müasir insan ailə quracağı şəxslə yalnız formal uyğunluq deyil, emosional yaxınlıq, etibar, qarşılıqlı hörmət və dəyərlər baxımından uyğunluq axtarır: " Gözləntilərin yüksəlməsi seçim prosesini çətinləşdirir. Bəzən ideal həyat yoldaşı axtarışı real insanı olduğu kimi qəbul etməyə mane olur. Sosial şəbəkələrdə təqdim edilən qüsursuz münasibət və ailə obrazları da insanlarda reallığa uyğun olmayan gözləntilər yarada bilir".
E.Rüstəmov əlavə etdi ki, ailə qurmaqdan çəkinməyin psixoloji səbəblərindən biri də uğursuz münasibət qorxusudur: "Valideynləri arasında davamlı münaqişə görmüş, ətrafında ağır boşanmalara şahid olmuş və ya əvvəlki münasibətində emosional zədə almış insan nikahı təhlükəsiz bağ deyil, risk mənbəyi kimi qəbul edə bilər. “Mənim ailəm də belə olacaq” düşüncəsi yaxın münasibət qurmaqdan və məsuliyyət götürməkdən çəkinməyə səbəb olur. Digər tərəfdən, müasir dövrdə şəxsi azadlığın və fərdi sərhədlərin qorunmasına daha çox əhəmiyyət verilir. Bəzi insanlar nikahı tərəfdaşlıqdan çox, azadlığın məhdudlaşdırılması kimi təsəvvür edirlər. Bu yanaşmanın arxasında ailə daxilində məsuliyyətin düzgün bölüşdürülməməsi, tərəflərin bir-birinin şəxsi sərhədlərinə hörmət etməməsi və sağlam münasibət nümunələrinin azlığı dayana bilər".
Psixoloq hesab edir ki, uşaq sayının azalması da insanların valideynliyə münasibətinin dəyişməsi ilə əlaqədardır: "Müasir valideyn övladının yalnız gündəlik ehtiyaclarını deyil, onun təhsilini, emosional inkişafını, psixoloji sağlamlığını və gələcək imkanlarını da düşünür. Valideynlikdən gözləntilər artdıqca bu rol daha böyük məsuliyyət kimi qəbul edilir. İnsan özünü emosional baxımdan hazır hiss etmədikdə övlad sahibi olmağı təxirə sala və ya daha az sayda uşaqla kifayətlənə bilər.
Burada qadın və kişi arasında ailə məsuliyyətinin necə bölüşdürülməsi də mühüm əhəmiyyət daşıyır. Uşağın qayğısı, tərbiyəsi və evlə bağlı bütün öhdəliklər əsasən bir tərəfin üzərində qalırsa, növbəti övladla bağlı qərar daha çətin verilir. Valideynlik iki nəfərin ortaq məsuliyyəti və əməkdaşlığı kimi yaşandıqda ailə daxilində psixoloji gərginlik də azalır.
Bütün bunlara əsasən, “insanlar artıq ailə və uşaq istəmirlər” demək doğru olmaz. İnsanlar ailə qurmaq istəyirlər, lakin münasibətdə daha çox etibar, emosional təhlükəsizlik, bərabərlik və sabitlik axtarırlar. Buna görə də əsas məsələ gəncləri sadəcə evlənməyə çağırmaq deyil. Onlara sağlam ünsiyyət qurmaq, məsuliyyəti bölüşmək, qarşı tərəfin sərhədlərinə hörmət etmək və münaqişələri münasibəti dağıtmadan həll etmək bacarıqları qazandırılmalıdır.
Ailə qorxu, məcburiyyət və sosial təzyiq üzərində deyil, şüurlu seçim, qarşılıqlı hörmət və psixoloji hazırlıq üzərində qurulduqda daha möhkəm və davamlı olur".
Aytac,
Sitat.info