Jony-dən haqqında yayılan xəbərlərə - Reaksiya

Jony-dən haqqında yayılan xəbərlərə - Reaksiya
SOSİAL 18 Sentyabr 2026 12:20
Azərbaycan əsilli məşhur müğənni Jony özü haqqında yayılan şayiələr barədə danışıb.

 Sitat.info xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşdığı videoda son zamanlar şəxsi həyatı və adını dəyişməsi ilə bağlı yayılan görüntülərə və xəbərlərə münasibət bildirib.

Jony bütün bunların texnologiyalarla aparılan təcrübənin bir hissəsi olduğunu bildirib.

“Son bir həftə ərzində mənə və komandama haqqımda yayılan xəbərlərə hansısa şəkildə reaksiya vermək xahişi ilə yüzlərlə zəng gəldi. Bəli, oxudum. Həyat yoldaşı və uşaq, yeni ad. Yeri gəlmişkən, xoşuma gəldi. Gözəldir”, - o deyib. 

Sənətçinin sözlərinə görə, bu yolla o, günümüzdə həqiqi materialları texnologiyaların köməyi ilə yaradılanlardan ayırmağın nə qədər çətin olduğunu göstərmək istəyib.

“Bilirsiniz, dövrümüzün əsas problemi nədədir? Biz şübhə etməyi unutmuşuq. Biz bir şəkil görürük və dərhal ona inanırıq. Siz mənim səsimə bənzər bir səs eşidirsiniz və saniyələr içində mənə qarşı iddia irəli sürməyə və ya üstümə yarlıq yapışdırmağa hazır olursunuz. Dünya o dərəcədə sürətlənib ki, həqiqət artıq dəyər olmaqdan çıxıb. Amma mən sizə etiraf etmək istəyirəm. Bütün bu söz-söhbət, bütün bu performans, bu xəbərlər - bu sadəcə zarafat deyil. Bu güzgüdür. Elə indi, mən danışarkən, texnologiyalar mənim üzümü, səsimi oğurlaya bilər. Siz isə surəti orijinaldan ayırd edə bilməzsiniz. Biz elə bir dünyada yaşayırıq ki, kompüteri olan istənilən məktəbli həqiqətdən daha inandırıcı bir reallıq yarada bilər. Həyat illuziyadır”, - müğənni əlavə edib. 

Paylaşımın sonunda Jony onunla birlikdə “Illusion” adlı mahnı hazırlayan italiyalı müğənni və aktyor Mikele Morroneyə “çevrilib”. 

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Jony-nin həyat yoldaşının və övladının olduğu, lakin müğənninin onları gizlətdiyi, həmçinin ad və soyadını dəyişdiyi barədə xəbərlər və görüntülər yayılıb.