Kartdan-karta limitlər: Nağd ödənişlərə qayıtmamaq üçün hansı addımlar atılmalıdır?
"Kartdan-karta əməliyyatlarına tətbiq olunan limitlərin əsas məqsədi nağdsız ödənişləri artırmaq və maliyyə əməliyyatlarını daha şəffaf etməkdir. Lakin təkcə limitlərin tətbiqi bu məqsədlərə tam nail olmaq üçün kifayət etmir. Əksinə, vətəndaşlar gündəlik xırda ödənişlərdə kartdan-karta köçürmələrdən geniş istifadə edirlərsə, belə məhdudiyyətlər onların nağd pula qayıtmasına səbəb ola bilər. Bu isə nağdsız ödənişlərin genişlənməsi baxımından əks nəticə yarada bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, burada əsas məsələ limitin tətbiqindən daha çox, nağdsız ödəniş üçün rahat və alternativ imkanların yaradılmasıdır: "Vətəndaş kartdan-karta köçürmə əvəzinə POS-terminal, QR ödənişi və digər elektron ödəniş vasitələrindən asanlıqla istifadə edə bilirsə, məhdudiyyət nağdsız dövriyyəyə ciddi maneə yaratmaya bilər. Amma alternativ mexanizmlər kifayət qədər əlçatan deyilsə, limitlər insanları yenidən nağd hesablaşmalara yönəldə bilər".
A.Nəsirlinin fikrincə, məhz bu səbəbdən bu tədbirin nəticəsini yalnız kölgə iqtisadiyyatının azaldılması ilə ölçmək düzgün deyil: "Əsas göstərici ümumi nağdsız ödənişlərin, POS və digər elektron ödənişlərin həcminin necə dəyişməsidir. Məqsəd vətəndaşı kartdan-karta əməliyyatdan uzaqlaşdırmaq yox, onu daha şəffaf və təhlükəsiz elektron ödəniş kanallarına yönəltmək olmalıdır".
Nigar,
Sitat.info