"Xatırlayırsınızsa, Dövlət Statistika Komitəsinin demoqrafik hesabatının məlumatları əsasında apardığım hesablamalarım zamanı aşkara çıxarmışdım ki, 2020-ci ildə kişilər arasında ölənlərin 52,3 faizini 65 yaşına, yəni pensiya yaşına çatmamış, qadınlar arasında isə ölənlərin 42,2 faizini 62 yaşına, yəni pensiya yaşına çatmamış vəfat edənlər təşkil edib. Eyni göstərici 2019-cu il üzrə müvafiq olaraq kişilər üçün 42, qadınlar üçün 31 olub. 2021-ci üçün də statistika açıqlananda eyni hesablama aparıb sizi məlumatlandıracam. Lakin, əvvəlcədən deyim ki, qadınlar arasında bu göstərici onların pensiya yaşının hər 1 ildə 6 ay qaldırılması səbəbindən daha sürətlə artacaq". SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.
İqtisadçının sözlərinə görə, Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, vətəndaşı pensiya yaşına çatmamış ölərsə, onun sığorta hesabında yığılan pensiya kapitalı vəfat edənin ailə üzvlərinə (qanuna görə, yalnız ailədə əlilliyi olan övladı, ya əlilliyi olan həyat yoldaşı, ya da pensiya almaq hüququ olan həyat yoldaşı vəfat edən şəxsin pensiyasını ala bilər) deyil, dövlətə qalır: "Konkret olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamında saxlanılır. Göründüyü kimi, əhalinin pensiya yaşına çatmadan vəfat etməsinin kütləviləşməsi səbəbindən hər il külli miqdarda vəsait pensiya fondunun sərəncamında qalır. Baxmayaraq ki, hər kəsdən yığılan pensiya kapitalının onsuz da bir hissəsi onun idarəolunmasına xərclənir və pensiya çıxanlar da ödədiyi kapitalın hamısını geri almırlar".
Q.İbadoğlu vurğulayıb ki, Əmək pensiyaları haqqında qanuna əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var: " Baxın sığorta stajı 2006-cı ildən hesablanır, belə olanda da 25 il sığorta stajına isə yalnız 2031-ci ildə çatmaq olur. Əhalini bu qədər də avam yerinə qoymaq olarmı? Bu cür ədalətsizliyə və soyğunçuluğa nə ad vermək olar? Belə çıxır ki, hökumət maraqlıdır ki, daha çox əhali pensiya yaşına çıxmamış vəfat etsin ki, onların pulunu mənimsəsin. Hesab edirəm ki, bu problem hər kəsi narahat etməli və buna qarşı ictimai mövqe qoyulmalıdır ki, Qanunda müvafiq dəyişiklilər edilisin və vəfat edən şəxsin pensiya kapitalı onun ailə üzvlərinə verilsin".