Bu il martın 2-də dünyasını dəyişən mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı yaxın dostu Samir Pənahov təsirli bir xatirə paylaşıb.
Sitat.info xatirə yazısını təqdim edir.
"Ötən il şəhidlərimizin anım günündə Hacı ilə birlikdə Şuşaya getmişdik. Səhəri günü yoldaşının ad günü idi. Hacı isə bir az narahat görsənirdi. Dilə tutdum, narahatlığının səbəbini öyrəndim. Demə, Bakıya çatdıqda gül almaq istəyirdi, lakin çatdıra bilmədiyindən heyfislənmişdi. Dedim onlayn sifariş edə bilərik. Sevindi. Şəkilləri bir-bir çevirir, seçim edə bilmirdi. Nəhayət, gözəl bir dəstə seçdi və bir açıqca da qoyulmasını istədi. Soruşdum nə yazdıraq? "Səninlə xoşbəxtəm", - dedi. Hə, bir də gülü özü vermək istəyirdi, kuryerlə yox. Yazıq kuryerlə gecə yarı görüşüb gülləri təhvil almağı sözləşdik. Hacının halı o qədər mənə də təsir etmişdi ki, gülü alar-almaz yazdım: "Hacı, necə oldu? Bəyəndilər?" Cavab gəldi: "Yatıblar".
Hacı həmişə deyərdi ki, həyat yoldaşı Allahın ona böyük hədiyyəsidir. Çox oxşar idilər xasiyyətcə. Bu qədər məşğulluq və ağır qrafikə baxmayaraq evində həmişə hüzur var idi. Həm də heç zaman heç nə tələb etmirdi Hacıdan, çox gözü tox, bər-bəzəyə maraqsız idi. Amma bu il yayda...
Ərəfə ziyarəti zamanı xanımlar Nəcəf bazarında ərəb hərfləri formasında kiçik kulonlar görmüşdülər. Ucuz idi deyə hərəsi öz adının baş hərfini almışdı. Hoteldə bir-birinə göstərəndə, ilk dəfə idi ki, o da belə kulon istədi, lakin "ş" hərfi. Hacısız ilk ziyarətdə Hacıxanımın ilk dəfə nəsə istəməsi hamını səfərbər etdi. Amma "ş" hərfi tapılmadı ki tapılmadı. Sonuncu kulonu alan da onu bizə satmağa razılaşmadı. Hamımızın ürəyi sınmışdı.
Bu gün qiyməti ucuz, amma dəyəri sonsuz olan o kulonu hədiyyə etdilər ona. Rahatladıq. Amma heç bir hədiyyə Hacının bir kağız parçasına yazdığı "Səninlə xoşbəxtəm" kəlməsinə çata bilməz. Hacımızın ömrünü xoşbəxt edən, o ağır yükü kölgədə qalaraq çəkən xanım! Doğum günün mübarək!".
Sitat.info ailəsi olaraq biz də, Hacı Şahinin həyat yoldaşı Aytən Həsənzadəni təbik edirik!