Elman Rüstəmov bunu etməklə gözdən pərdə asır ŞƏRH

11:07 29 Yanvar 2022

"Son dövrdə Mərkəzi Bank işimi artırıb. ABŞ və Avropa mərkəzi banklarını yamsılayaraq tez-tez uçot dərəcəsini cüzi (0,25%) dəyişir və mən də bunu şərh etməyə məcbur oluram. Guya ki, bizim ikirəqəmli faiz dərəcələrimiz üçün 0,25% nəsə ciddi bir məsələdir. İnkişaf etmiş ölkələrdə ciddidir, çünki dərəcələr çox aşağıdır onsuz da. Biz də isə yox!". Bu sözləri iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov SİTAT.İNFO-ya açıqlamasında bildirib. 

Onun sğzlərinə görə, bizdə Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir, heç nəyə də ciddi təsir etmir: "Uçot dərəcəsi Mərkəzi Bankın kredit təşkilatlarına verdiyi kreditin faiz dərəcəsidir. Yəni Mərkəzi Bankın kreditinin qiymətidir. İqtisadi nəzəriyyəyə görə inflyasiyaya qarşı mübarizə aparanda mərkəzi banklar bu dərəcəni artırır ki, iqtisadi aktivlik və dövriyyədəki pul həcmi azalsın. Yəni mərkəzi bank banklara bahalı kredit verir, onlar da öz növbəsində əhali və sahibkarlara verdikləri kreditləri bahalaşdırır.

Hazırda bizdə kəskin inflyasiya müşahidə olunur. Məntiqlə Mərkəzi Bank düz edir. Amma problem ondadır ki, uçot dərəcəsi yalnız o zaman işlək olur ki, mərkəzi bank bütün kredit təşkilatlarına bərabərhüquqlu şəraitdə kredit verir. Lakin bizim inhisarçı və qeyri-şəffaf bank sistemində bu, belə deyil. Mərkəzi Bank yalnız özünə bəlli olan meyarlar əsasında bir neçə banka kredit verir. Buna görə də onun uçot dərəcəsinin ciddi təsiri olmur.

Bu, ona bənzəyir ki, mən bazarda kartof satıram və elan edirəm ki, kilosunu 1 qəpiyə satıram. Amma kənardan gələn alıcılara satmıram. Yalnız öz ailə üzvlərimə satıram. İndi bu, o deməkdirmi ki, mənim qiymətim 1 qəpikdir? Eyni ilə Mərkəzi Bankın da kreditinin qiyməti reallıqda uçot dərəcəsi deyil. Necə ki, 2009-2010-cu illərdə uçot dərəcəsi 2-3% idi. Məntiqlə bankların da kreditləri ucuz olmalı idi. Amma o zaman bankların kredit dərəcələri hətta indikindən də yüksək idi".

Bəs Mərkəzi Bank uçot dərəcəsini niyə artırır hazırda?

Ə.Həsənovun sözlərinə görə, bu gözdən pərdə asmaqdır: "Qanuna görə inflyasiya ilə mübarizə aparmalıdır. Reallıqda apara bilmir. Amma gözdən pərdə asmaq üçün nəsə etməlidir axı. Buna görə də bir-iki aydan bir dərəcəni 0,25% artırır ki, mən də varam və işləyirəm". 

SİTAT.İNFO



Xəbər xətti