Nə üçün HD formatda peyk yayımı bu qədər gec həyata keçirildi ?

15:51 29 Yanvar 2022

"Qonşu ölkələrin əksəri çoxdan peyk üzərindən HD yayıma keçib, hətta 4K üzərindən yayım aparanlar var, 8K və 16K formatında yayım onlarda müzakirə predmetidir. Bizdə isə uzun müddətdir ki, HD yayım yalnız yerüstü texnologiyalarla həyata keçirilirdi.

Bir neçə nəhəng qurumlarımız, Azərkosmos, Teleradio Birliyi və MTRŞ nəhayət yığışıb qərar verdilər ki, 28 yanvar 2022-ci il tarixdən HD formatda peyk yayımına keçirik. Nə qədər faydalı olsa da , Azərbaycanın indiki inkişaf vəziyyəti baxımından, potensial imkanlarımız baxımından olduqca gec verilən bir qərardı". SİTAT.İNFO xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O, vurğulayıb ki, peykimiz - Azerspace-1 telekommunikasiya peykimiz 2013-cü ildən orbitə qaldırılıb, telekommunikasiya peykimiz olduğu halda HD formatda peyk yayımına nə üçün bu qədər uzun zaman tələb olunub: "Ötən gün Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio Birliyi) Real TV-yə bununla bağlı qəribə bir açıqlama verib Aparıcının haqlı olaraq nə üçün bu qədər gec peyk yayımına başlanması ilə bağlı sualına qurumun rəhbəri aşağıdakı arqumentləri gətirib :

- Bütün TV şirkətlərin buna hazır olmağı vacib idi.

- Bütün TV-lərdəki arxiv materiallarının HD formata keçirilməsi vacib idi

- Əhalidə olan qəbuledici və televizorlar HD formatı dəstəkləməli idi.

- Kabel TV və İPTV şirkətlər də buna hazır olmalıydı

Sadəcə biabırçılıqdır. Başqa söz tapa bilmədim.

Hər il dövlət büdcəsindən Azerspace üzərindən yayıma dəstəklə bağlı TV-lərə büdcədən xeyli yatırımlar edilib . MTRŞ bu prosesə nəzarət edib. Onda sual olunur ki, TV –lər nə üçün bu prosesə zamanında hazırlanmayıb.

Dərhal qeyd edim ki, qeyd olunanlar heç bir halda bütün TV-lərə şamil oluna bilməz, TV-lərin bir çoxu , Kabel TV və IPTV –lər isə lap çoxdan, illər öncə bu prosesə hazır olublar.

Ümumiyyətlə isə anlaşılmazdır ki, əgər hansısa qurumlar buna hazır olub, digərləri hazır deyilsə onda innovasiyaları , yeni texnologoiyaları tətbiq etməmək, innovativ qurumları arxadan tutub saxlamaq nə dərəcədə effektiv siyasət olub.

Fikrimcə , HD formata keçidin uzun müddət ləngiməsi məhz Teleradio Birliyi və MTRŞ ilə bağlı olub. Yəni bu qurumların özləri HD yayımına hazır olmayıblar. Yuxarıda sadalanan arqumentlərin heç biri bu texnologiyanı tətbiq etməmək üçün əsas ola bilməzdi".

O.Gündüzün sözlərinə görə,, teleradio sahəsinin rəqəmsal transformasiyasının ləngiməsi sektorda tənzimləyici qurum olan MTRŞ –in qüsurlu siyasəti və Teleradio Birliyinin sektorda inhisarçılıq statusu ilə bağlıdır: "Region ölkələrinin heç birində artıq “İstehsalat Birliyi” formasında bu tip inhisarçı qurum, ildə bir neçə dəfə efiri “rubilnikdən” söndürən qurum yoxdur. Bu sektorda rəqabətli mühitin inkişafı üçün ciddi addımlar atılmalıdır. RİNN tənzimləyici qurumu və MTRŞ teleradio yayımı sahəsinə yeni yayımçıların daxil olmasını, rəqabətli mühitin formalaşmasını təmin etməlidir.

HD formata keçiddən sonra efirin yenidən “rubilnikdən” söndürülməsi,TV kanalların gec fəaliyyətə başlaması, sosial mediada elə indi də davam edən müzakirələr göstərir ki Teleradio Birliyi və MTRŞ-in bu prosesə hazırlığı da yetərli olmayıb".



Xəbər xətti