“GMO məhsullarla mübarizədə mən Qida Təhlükəsizliyi Agentliyinin işini tam mənfi qiymətləndirirəm. Onlar daim GMO-nun çox incə şəkildə reklamını aparırlar. Bu da Ümumdünya Ticarət Təşkilatının istəyinə uyğundur. Azərbaycan yaxşı ki, ÜTT-nin üzvü deyil. ÜTT rəsmiləri 3 dəfə mənimlə görüşdülər ki, GMO-nun lobbiçiliyini aparaq. Çünki Azad İstehlakçılar Birliyi GMO-ya qarşı keçirilən Avropa İttifaqının layihələrinin icraçısı olub. GMO-nun lobbiçiliyini aparanların tezisi odur ki, biz dünyanı aclıqdan xilas edirik. Bu çeynənmiş fikrin tərəfdarlarından AQTA rəhbərliyində də var. Onlar dəfələlərlə yığıncaqlarda bunu dilə gətiriblər”.
Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov SİTAT.İNFO-ya açıqlamasında deyib. O bildirib ki, əgər GMO yaxşıdırsa, o zaman BMT-nin Ətraf mühitin biomüxtəlifliyinin qorunmasına dair sənədi nəyə lazımdır: “ 153 ölkənin ratifikasiya Kartagen protokolu nəyə lazımdır? Ölkə prezidentinin GMO-nun məhdudlaşdırılmasına dair ciddi çağırışları var,sənədlər var. O zaman bütün bunlar boş şeydir? Biz bu qərardayıq ki, hansı bitkinin toxumu növbəti ildə əkiləndə bar vermirsə, o bitki GMO-dur. Məsələn Azərbaycanda qarpız belədir, soğan bu cürdür. Qarpız toxumunun 1 kiloqramı 3 min manatdır. Bu isə o deməkdir ki, toxum sənayesi GMO-çuların əlindədir. Mən əsl qarpız toxumu ilə GMO qarpızı özüm əkib fərqini görmüşəm. Bizim gözlə gördüyümüzü AQTA inkar edir. Düşünür ki, hətta GMO yaxşı bir şeydir. Azad İstehlakçılar Birliyi isə hesab edir ki, GMO Azərbaycanda olmamalıdır. AQTA mütləq dünyada gedən proseslərə, Azərbaycan prezidentinin qərarlarına adekvat cavab verməlidir”.
E.Hüseynov vurğuladı ki, AQTA keyfiyyətə baxmır, onların əsasnaməsində keyfiyyətlə bağlı bir kəlimə də söz yoxdur: “Onlar qidanın təhlükəsizliyini təmin edirlər. Demək olar ki, heç bir dövlət orqanı keyfiyyət məsələsinə nəzarət etmir. Nəticədə insanlar keyfiyyətsiz ərzaq məhsullarından istifadə edir. Son nəticədə apteklərdə və həkimlərdə növbə yaranır. Azərbaycanda ildə təxminən 500 nəfərə yaxın insan qida zəhərlənməsindən ölür. Lakin Səhiyyə Nazirliyi qidalara nəzarət edən zaman ildə 1-1 nəfər zəhərlənmədən ölürdü. Çünki qidaların təhlükəsizliyinə nəzarət Səhiyyə Nazirliyində idi və sertifikatı da onlar verirdi. Bu mənada zəhərlənmə hallarını gizlədirdilər. Çünki həm sertifikat verirdilər, həm nəzarət edirdilər. Neqativ məqam yarananda , sertifikatı gətirirdilər bax sən vermisən. İndi də AQTA belə edir. Həm nəzarət edir, həm də sertifikat verir. Bunlar bir-birindən mütləq ayrılmalıdır. AQTA qidanın təhülkəsizliyinə cavabdeh olmalıdır. Azərbaycanda hələ də bu məsələ həll olunmamış qalır”.
AİB sədrinin sözlərinə görə, AQTA laboratiyalarında məhsulun keyfiyyətinin yoxlanması da pulsuz olmalıdır: “Bir şikayətçi mənə bildirdi ki, məhsulun yoxlanılması üçün ondan 200 manat tələb olunub. Bu milyon dollara başa gələn laboratoriyalar istehlakçıların üzünə açıq olmalıdır”.
Qeyd edək ki, mövzu ilə bağlı AQTA-ya da sorğu göndərilib və qurumun açıqlamasını da dərc edəcəyik.
SİTAT.İNFO