Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar

15:25 20 May 2024

Əslində Rusiyanın Xarkov istiqamətində hücumu gözlənilən idi. Çünki ötən yaz və yay aylarında Ukraynanın kiçikmiqyaslı hücumlarından sonra cəbhədə vəziyyət nisbətən durğun hala gəlmişdi.

Bu sözləri Axar.az-a Rusiyanın Ukraynaya hücumları intensivləşdirməsi haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Akyar ABŞ-ın Ukraynaya yardımı nəzərdə tutan qanun layihəsini qəbul etməsinə baxmayaraq, çatışmazlıqların çox olduğunu bildirib:

“Cəbhədə durğunluğun davam etməsi müəyyən hazırlıqların olduğunu göstərirdi. Kiyev hücum planlaşdırırdı, ancaq real vəziyyət buna imkan vermədi. Rusiyanın və Ukraynanın sahib olduğu imkanlar arasındakı fərq isə çox böyükdür. Ona görə də rus qoşunları hazırda irəliləyə bilir. Hətta demək olar ki, hər gün bir və ya bir neçə kənd işğal edilir. İngiltərə, Fransa, Polşa və digər ölkələr Rusiyanın irəliləməsi ilə bağlı hansısa addımlar ata bilər. Məsələn, Fransa ilə Polşa Ukraynaya əsgər göndərmək istədi, ancaq xalq razı olmadı. ABŞ Konqresi yardımı nəzərdə tutan qanun layihəsini təsdiq edib. Ancaq məsələ yalnız silah göndərməklə bitmir. Bunların detallarının, təlim üçün mütəxəssislərin göndərilməsi də özü ayrılıqda böyük bir prosesdir. Ukraynaya tankların verilməsi prosesində yaşanan çətinliklər gözümüzün qarşısındadır. Bununla yanaşı, müxtəlif ölkələr Ukraynaya əllərində olan SSRİ istehsalı silah-sursat və hərbi texnika göndərir”.

Alim Rusiyanın irəliləməsi nəticəsində Ukraynanın istəmədiyi şərtlər altında atəşkəs müqaviləsi imzalamağa məcbur olma ehtimalından danışıb:

“Son vəziyyət Ukraynanın döyüşə bilən insan resurslarında da çatışmazlıqların olduğunu üzə çıxarır. Əgər belə davam edərsə, bu yayın sonlarına doğru Ukrayna atəşkəs müqaviləsini imzalamağa məcbur ola bilər. Digər tərəfdən Avropa dövlətləri də müharibədən yorulmuş haldadır. ABŞ-ın isə təkbaşına müharibəni maliyələşdirməyə davam edib-etdirməyəcəyi sual işarəsi altındadır. Eyni zamanda İsrail və HƏMAS arasındakı müharibə də hadisələrin gedişatına təsir göstərən önəmli amildir. Rusiya və Çin oradakı müharibədən ABŞ-a təzyiq vasitəsi kimi istifadə edirlər. Hətta yaxın günlərdə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddia ilə bağlı proses də aktivləşə bilər. Hücumların şiddəti Ukraynanın Rusiyaya verəcəyi cavabdan birbaşa asılı olacaq. Fikrimcə, baş verən hadisələr fonunda bütün hallarda atəşkəs müqaviləsi imzalansa belə, Rusiyanın əlindəki torpaqları geri qaytarmayacağını və masada Ukraynadan daha güclü olacağını söyləmək mümkündür”.



Xəbər xətti