İqtisadçı manatın devalvasiyası ilə bağlı tarixi və səbəbləri açıqladı - TƏHLİL

11:58 18 İyul 2024

Son vaxtlar ölkə iqtisadiyyatında növbəti illərdə yaranacaq problemlərlə bağlı müzakirələr getməkdədir. Xüsusən də iqtisadçı ekspert Natiq Cəfərlinin yaxın 1,5 -2 ildə devalvasiyanın baş vermə ehtimalının yüksək olması ilə bağlı fikri müzakirələrə səbəb olub. Əks-arqument kimi ölkədə valyuta ehtiyatlarının həcminin  69,7 mlrd. dollar olduğu göstərilib. Belə olan  halda hökumət niyə bu addıma getsin?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 2014-cü ildə devalvasiya qərarı veriləndə də valyuta ehtiyatları kifayət qədər yüksək idi: "Əslində maraqlı, haqlı sualdır. Amma 2015-ci ili xatırlayın, hökumət 3 pilləli (1,05, 1,50, 1,70) devalvasiyaya gedib məzənnəni sabitləşdirdi. Amma 2014-cü ilin sonunda valyuta ehtiyatlarımız kifayət qədər yüksək idi – 2014-cü il dekabrın sonuna ölkədə 51,4 mlrd. dollar valyuta ehtiyatı var idi. Yaxşı, əgər devalvasiyanın qarşısını kəsən amil məhz valyuta ehtiyatlarıdırsa, 2015-də nədən bu təkrar addımı atdılar?! Neft Fondu bir kənara, 2014-ci ilin sonuna bir tək elə Mərkəzi Bankda 14 mlrd. dollar ehtiyat var idi, bu gün MB-ın ehtiyatı 11,7 mlrd. dollardır, yəni, 2015-ci, devalvasiya ilinin əvvəlinə MB-da bu gün olan ehtiyatdan 2,3 mlrd. dollar çox vəsait var idi, amma devalvasiya qaçılmaz oldu".

N.Cəfərli vurğulayıb ki, 2015-də devalvasiyanın əsas səbəbi neftin qiymətinin azalması oldu, qiymət azalmasa da indi isə hasilat kəskin azalır: "2014-cü ildə Azərbaycanda neft hasilatı 41,9 mln. ton təşkil edib, 2023-cü ildə isə Azərbaycanda 30 milyon 189,6 min ton neft hasil edilib - azalma, az qala, 12 mln. tondur. Amma 2024-ci ildə hasilatın azalması tempi kəskinləşib – bu ilin ilk 6 ayında 2023-cü ilin 6 ayına nisbətən hasilat 5% azalıb".

İqtisadçı vurğulayıb ki, azalma trendini gündəlik hasılat rəqəmləri daha aydın göstərir: "2024-cü ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub. 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, üçüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.

Yəni, 2 borudan asılı olan primitiv iqtisadi modeli olan məmləkətdə böhran dalğaları qaçılmazdır...".

Nərgiz,

Sitat.info



Xəbər xətti