ABŞ Ermənistanın əli ilə Cənubi Qafqazı qarışdırmağa çalışır: Ukrayna ssenarisi təkrarlana bilər

20:13 22 İyul 2024

 Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Qərbin Cənubi Qafqaz planları ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, ABŞ və Avropanın Cənubi Qafqazdakı geosiyasi strategiyası region ölkələrini tam asılı vəziyyətə salmağa yönəlib. 

Ekspert vurğulayıb ki, Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda sülh yaratmaq istəyinə etibar etmək olmaz:

“Qərb sülhün onların rəhbərliyi altında olmasına çalışır. Belə sülh isə o deməkdir ki, ölkələri manipulyasiya etməyə imkan verəcək bəzi maddələr olacaq. Buna görə də, prinsipcə, onların rəhbərliyi altında belə bir sülh çox sərfəli deyil. Çünki tamamilə dürüst görünmür. Bundan başqa, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Özlərini danışıqlar platforması kimi göstərirlər, yəni deyirlər ki, sülh müqaviləsi bağlayaq, amma bizim rəhbərliyimiz altında”.

Sitat.info-ya açıqlamasında Sergey Markovun fikirlərini dəyərləndirən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rusiya Qərbin mövqeyini hər zaman şübhə altına alır: "Rusiyanın rəsmi mövqeyi bundan ibarətdir ki, Qərb Cənubi Qafqazda Ermənistan vasitəsilə vəziyyəti qarışdırmağa çalışır. Reallıq da bundan ibarətdir. Həm rəsmi mövqe, həm də ekspertlər səviyyəsində müstəqil mövqe hər şeydən əvvəl ictimai şüur formalaşdırmaq cəhdidir və ABŞ-Rusiya  müharibəsinin tərkib hissəsidir".

K.Novruzov hesab edir ki, indiki kontekstdə Rusiya haqlıdır: "ABŞ regionda ən zəif bəndin Ermənistan olduğunu bilir və onu şirkinləndirib öz tərəfinə çəkərək bir alət kimi istifadə edir və bununla da ehtimal olunan sülh sazişinin qarşısını almağa çalışır. Ona görə ki, sülh sazişi kənar güclərin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Eyni zamanda bu saziş Rusiyanın, Türkiyənin regionda güclənməsi deməkdir. Çünki perspektivdə 3+3 layihəsi, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin formalaşmasında ABŞ-dən daha uğurludur. 

ABŞ bütün bunların baş verməsini istəmir, ona görə də, prosesə mane olmağa çalışır. O başa düşür ki, sadəcə regionda suyun bulanması ilə öz təsir rıçaqlarını qoruya bilər. Təsadüfi deyil ki, ABŞ bir tərəfdən sülhü dəstəklədiyini desə də, digər tərəfdən Ermənistanla birlikdə hərbi təlimlər həyata keçirir". 

Siyasi şərhçi vurğulayıb ki, Kəlbəcər istiqamətində atəşkəsin pozulmasında, Londonda İlham Əliyevlə Nikol Paşinyanın gözlənilən, lakin baş tutmayan görüşündə də ABŞ-nin əli var: "Bütün bunlara baxmayaraq Rusiya hələ sakit dayanır, sadəcə bəyanatlar səviyyədə cavab verir. Davam edən proseslər Ukrayna ssenarisini təkrarlaya bilər. Ermənistan Rusiya ilə ABŞ arasında siyasi poliqona çevrilibsə, gələcəkdə açıq şəkildə hərbi poliqona da çevrilə bilər. ABŞ Ermənistandan Rusiyanın maraqlarına qarşı istifadə etməyə davam edərsə, Rusiya Ermənistana hərbi müdaxilə edə bilər".

Seymur, 

Sitat.info



Xəbər xətti