Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü çinli həmkarı Vanq Yi ilə cənub iqtisadi mərkəzi Quançjouda danışıqlar aparıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Kuleba və Vanq Rusiyanın Ukraynaya iki il yarımdır ki, işğalına son qoymaq üçün danışıqların zəruriliyi barədə razılığa gəliblər.
Mao bildirib ki, şərtlər bəlli olmasa da, Çin “sülhə töhfə verən bütün səyləri” dəstəkləyir və “atəşkəs və sülh danışıqlarının bərpası üçün konstruktiv rol oynamağa davam etməyə” hazırdır.
Bəs görəsən bu danışıqlar nəticə verəcəkmi?
Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Çinin xarici işlər naziri Vanq Yi ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında keçirilən görüş NATO-nun müharibənin həllindəki roluna alternativ yaradır: "Belə ki, nazirlərin müzakirəsi zamanı may ayında hazırlanan Çin-Braziliya 6 bəndlik sülh planı barədə dərin fikir mübadiləsi aparılıb. Bu, NATO-ya qarşı BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) formatının Ukraynadakı müharibənin həllində canlanmasını təşviq edən platformanın ştrixlərini göstərir".
A.Kərimov vurğulayıb ki, Ukraynadakı müharibə qlobal və regional aktorların Çin ilə ümumi dil tapa bilmək üçün cəhdlərini vurğulayır: "Ukrayna da artıq Çinin həlledici geosiyasi rollarını başa düşməkdədir.
Bundan başqa, Pekin-Kiyev danışıqları Ukraynanın Çin vasitəsilə Rusiya ilə müzakirə masasına əyləşməsi arzularını ifadə edir.
Müzakirələr NATO-nun Ukraynadakı müharibədə Rusiyaya qarşı çəkindirmə gücünün effektiv olmadığını nümayiş etdirir və Qərbin özündə də Çin mərkəzli sülh planına azca da olsa ümidlərin mövcudluğunu göstərir.
Ancaq Çinin Ukrayna böhranının həllindən danışarkən onun mövqeyi yalnız döyüş meydanının genişləndirilməməsi prinsipinə əsaslanır. Çin bu zamana qədər Rusiya qoşunlarının Ukraynadan çıxmasını sülhün şərti kimi önə çəkməyib.
Ukraynanın Çin nüfuzunu qabartması Kiyevin ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gələ biləcəyindən qorxularını bildirir".
Siyasi şərhçi proqnozlarını da səsləndirib: " Çinin moderotorluğu müharibənin dialoq və danışıqlar yolu ilə ilkin mərhələdə məhdud situativ həllini nəzərdə tutacaq. Bu, döyüş əməliyyatlarının müvəqqəti dayandırılması üçün bir neçə günlük atəşkəs razılaşması ilə mümkündür. Çin bu istəyinə çatsa, ikinci mərhələdə Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli danışıqların təşkilinə can atacaq.
Türkan,
Sitat.info