Türkiyə- Azərbaycan münasibətləri təkcə hərbi-siyasi müttəfiqliklə məhdudlaşmır, eyni zamanda iqtisadi əlaqələr hər iki ölkənin iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. İki qardaş ölkənin birgə təşəbbüsü ilə qlobal enerji layihələri həyata keçirilir, logistik imkanlar genişləndirilir. Bununla paralel olaraq, qeyri-neft sektorunun müxtəlif sahələri üzrə də əməkdaşlıq davam etdirilir. Təsadüfi deyil ki, Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir.
Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan iqtisadçı alim, professor Elşad Məmmədov bildirdi ki, iki qardaş ölkənin iqtisadi birliyinin tərkibini genişləndirmək mümkündür:
“ Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etməsi ikitərəfli münasibətlərin inkişafı nöqteyi- nəzərdən araşdırılmaqla yanaşı, həm də çoxtərəfli format baxımından da təhlil edilməlidir. Qloballaşmanın kəskin tənəzzüllə üzləşməsi regional iqtisadi əməkdaşlığın aktuallığını xeyli dərəcədə artırıb və belə olan halda regional iqtisadi əməkdaşlıq müsbət impluslar almalıdır ki, Bakı ilə Ankara arasındakı əməkdaşlığın dərinləşməsi də məhz elə müsbət təkanlardan biri kimi çıxış etməlidir. İqtisadi müstəvidə daha geniş formatda əməkdaşlığın reallaşdırılması üçün digər ölkələrin də bu prosesdə aktiv şəkildə iştirak etməsi vacibdir"
Elşad Məmmədovun sözlərinə görə, burada söhbət Mərkəzi Asiya dövlətlərindən gedir: "Mərkəzi Asiya dövlətlərinin regional iqtisadi əməkdaşlıqda aktiv şəkildə iştirakı bizim ölkələrin də iqtisadi imkanlarının genişləndirilməsinə böyük şərait yaratmalıdır".
Ekspert hesab edir ki, Türkiyə Azərbaycan ixracatının dünya bazarına çıxarılması baxımından mühüm ölkədir: "Neft və qaz ixracatı əsasən Türkiyə üzərindən reallaşdırılır. Bu, Azərbaycanın xarici iqtisadi əlaqələrində Türkiyənin rolunu açıq şəkildə göstərmiş olur. Türkiyənin ikitərəfli əməkdaşlıqlardan əldə etdiyi dividentlər də var. Nəzərə almaq lazımdır ki, Türkiyə iqtisadiyyatındakı xarici ticarət üzrə kəskin rəqəmlərlə ifadə olunan ənənəvi mənfi saldo, Azərbaycan enerji daşıyıcılarının idxal edilməsinin Türkiyə üçün nə dərəcədə vacib olmasını göstərir”.
Elşad Məmmədovun sözlərinə görə, Azərbaycan Türkiyənin yüksək texnoloji sektorunda mühüm investordur, bu da Türkiyə iqtisadi üçün şübhəsiz ki, çox önəmlidir: "İkitərəfli münasibətlərin inkişaf etməsində mövcud olan iqtisadi problemlərdən bəhs edəsi olsaq, bu əsasən Türkiyə valyutasının qeyri- sabitliyi və Türkiyədəki yüksək inflyasiya göstəriciləri ilə bağlıdır. Bu amillər istənilən halda istənilən halda, investisiya mühitinə və bütövlükdə iqtisadi əməkdaşlığa mənfi təsir göstərir. Ancaq bütövlükdə sözsüz ki, ikitərəfli və çox tərəfli formatlarda iqtisadi əməkdaşlığın dərinləşməsi ölkələrimizin iqtisadi baxımdan rəqabət qabiliyyətinə müsbət təsir göstərməlidir".
Tehran Yusifli,
Sitat.info