Narkomaniyanın məhv etdiyi “canlı ölülər": Onları bu yolla xilas etmək olar...

15:55 9 Oktyabr 2024

Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniya çox ciddi məsələdir və bəşəriyyət hələ də bundan əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkomaniyanın acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyil. Bəs, belə asılılıqlardan qurtulmaq üçün nə etməliyik? Cəmiyyəti , özəlliklə gəncləri bu bəladan necə xilas edə bilərik?*

Bu situasiya ilə bağlı Sitat.info-ya danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, aludəçiliyi olan insanların ortaq cəhətləri çoxdur: ”Bu insanlar həzz yaşamaq istəyirlər və mütəmadi daha çox həzz almaq üçün istifadəni artırırlar. Belə olduğu halda onlara alternativlər təklif etməliyik. Bu həzzi fərqli vasitələrdən  - kitabdan, filmdən, musiqidən və sairdən ala bilərlər. Bu asılılıq təkcə narkotikə aid deyil. Bu  insanın asılı olduğu hər şey - qumar, siqaret, spirtli içki və sair ola bilər. Onları da saxlamaqla alternativ həzz vasitələrinə yönəldib, asılı olduğu nəsnədən istifadə  intensivliyini  azaltmaq olar”.

Ə.Rüstəmova vurğulayır ki, insan ilk növbədə asılı olduğu məsələni nə məqsədlə istifadə etdiyinə baxmalı və onu nə ilə əvəzləyə biləcəyini düşünməlidir: "Narkotik asılılığı olan şəxs bundan əldə etdiyi problemləri düşünməmə, fikirlərdən azad olma, özünü bu dünyanın adamı saymama, yüklərindən xilas olma kimi hissləri müvəqqəti yaşayır.  Həmin şəxsə elə seçim verə bilərik ki, bu həzzin davamlı olmasını istəsin. Çünki belə insanlar bitməyən həzz duyğusu istəyirlər.  Biz onlara düşünməmənin, yüklərdən xilas olmağın, bu dünyada olmamağın başqa yollarını təklif etməliyik. Məsələn, qulaqcığı taxıb gözəl bir mçusiqiyə qulaq asaraq dəniz kənarında yerimək. Bu da bir növ azadlığın və düşünməmənin yoludur. Eyni zamanda yenə narkotik də qalacaq,  ancaq həcmi azalacaq.  Gündəlik 30 dəqiqə yürüyüş etmək, şirniyyatla çay içmək də həzzi artırır, düşünməni azaldır. Bu cür fəaliyyətlərlə narkotikdən alınan 100 faizlik dozanı heç olmazsa 50-60 faizə düşürə bilsək, bu özü həmin asılılıqdan qurtulmaqdır”.

Psixoloqa görə, bir aludəçilikdən qurtulmaq üçün onu başqa, daha zərərsiz aludəçiliklə əvəz etməliyik: ”Həyat balansdan ibarətdir. Bir şeyi çıxarırıqsa, onun yerinə başqa bir şey qoymalıyıq. Məsələn, narkotikdən uzun müddətli istifadə insanların sağlamlığını əlindən alır, insanların psixoloji olaraq özünü idarə etməsi çətinləşir, sosial statusuna xələl gəlir. Bunun yerinə insanlar onlara zərər etməyəcək fəaliyyətlə məşğul olmalıdırlar. Bizdə daha çox çağırış "asılılığınızdan qurtulun" ifadələrinin üzərinədir. Bunun əksinə "asılılığınızı başqa asılılıqla dəyişin" olarsa, qarşı tərəf bunu daha tez qəbul edər və onların keçidi daha tez baş tutar”.

Aytac Baxış,

Sitat.info
  

 

 



Xəbər xətti