ABŞ iqtisadiyyatı tənəzzülünün pik nöqtəsinə yaxınlaşır: Dollar hegemonluğundan imtina olunacaqmı?

17:52 22 Oktyabr 2024

Son dövrlərdə ABŞ iqtisadiyyatı beynəlxalq arenada əhəmiyyətli təsirini itirməkdədir. Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatına əsasən, xəbər verir ki, ABŞ-ın qlobal ÜDM-dəki payı 2023-cü ildə rekord səviyyədə, 14,82%-ə düşüb. Bu tendensiya bir sıra amillərlə, o cümlədən artan büdcə kəsiri, dövlət borcunun yüksəlməsi və Çin, Hindistan kimi rəqiblərin güclənməsi ilə əlaqədardır. Mütəxəssislər hesab edir ki, bunun səbəbi ABŞ iqtisadiyyatının real sektordan uzaqlaşaraq spekulyativ əməliyyatlara yönəlməsidir. Nəticədə bu, istehsalın azalmasına, iş yerlərinin itirilməsinə və iqtisadi müstəqilliyin azalmasına səbəb olur. Eyni zamanda, ABŞ-ın resursları beynəlxalq münaqişələrə yönəldilir, bu da daxili problemlərin dərinləşməsinə, o cümlədən işsizlik və infrastrukturun kritik vəziyyətinə gətirib çıxarır

Bu barədə Sitat.info-ya danışan iqtisadçı ekspert, professor Elşad Məmmədov qeyd edib ki,  Amerika iqtisadiyyatı hazırda öz tənəzzülünün pik nöqtəsinə yaxınlaşmaqdadır: "Dünya Bankının son açıqlamalarına görə Amerika iqtisadiyyatının dünya iqtisadiyyatındakı payı 15%- dən də aşağı düşüb. Sovet İttifaqı süquta uğrayanda İttifaqın dünya iqtisadiyyatındakı payı təqribən 24 faiz idi. ABŞ iqtisadiyyatı  üçün ötən əsrin ortalarındakı  50 faizdən indiki 15  faizə qədər düşmək kəskin tənəzzüldür. Reall ümumi daxil məhsul hesablamaları baxımından çox güman ki,  göstəricilər bir qədər də aşağıdır". 

Professorun sözlərinə görə, buna baxmayaraq Amerika iqtisadiyyatının dollar üstünlüyü var: “Dünyanın aparıcı ehtiyat valyutası olan dolların mövcudluğu ABŞ iqtisadiyyatındakı kəskin borclanma, inflyasiya kimi problemlərin qarşısını almağa imkan yaradı. Əks halda dünya iqtisadiyyatının 15 faizindən azını təşkil edən dövlətin, dünya resurslarının təqribən 40 faizinə qədərini istehlak etməsi demək olar ki, mümkünsüz görünür: Ona görə də hazırda Amerika iqtisadiyyatı qarşısında dilemma yaranıb: Dollar hegemoniyasından imtina və Amerikanın real sektorunun bərpası və yaxud dollar hegemoniyası hesabına dolların dünyadakı  rolunun saxlanılması və iqtisadiyyatının çökməsi. Sözsüz ki,  yaxın aylarda bu istiqamətdə hansı qərarların veriləcəyi gözlənilir. Bu nəinki Amerikanın, dünya iqtisadiyyatının da  inkişaf istiqamətlərini xeyli dərəcədə müəyyən edəcək".

E.Məmmədov hesab edir ki, artıq dollar hegemoniyasının saxlanılması ilə Amerikanın iqtisadi  hegemonluğunu qorumaq mümkün olmayacaq: "Hazırda biz  yeni dövrdən danışdıqda Amerika iqtisadiyyatının dünyanın regionlaşmaya gedən iqtisadiyyatında öz yerini tapması barədə fikirləşməliyik. Artıq həm hərbi- siyasi, həm də iqtisadi müstəvidə  ABŞ-ın  təsir imkanlarının əhəmiyyətli dərəcədə azaldığını görürük". 

Tehran Yusifli,

Sitat.info



Xəbər xətti