"Melissa Group" tikinti şirkətinin özbaşınalığı: Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?

19:45 22 Oktyabr 2024

Son illər Bakıda böyük bir tikinti bumu yaşanmasa da, tədricən şəhərin mərkəzindəki köhnə binalar tikinti şirkətləri tərəfindən sakinlərə kompensasiya verilməklə alınır və yerində hündürmərtəbəli binalar tikir. Lakin bu prosesdə yaşanan bəzi  hallar sakinlərin haqlı narazılığına səbəb olub. Bu kimi hallar əsasən kompensasiya məbləği ilə bağlı mülkiyyətçi ilə tikinti şirkəti arasında razılaşma baş tutmadıqda yaşanır. Son günlər  sosial şəbəkələrdə "Melissa"  adlı özəl tikinti şirkətinin qanuni prosedurları gözləmədən, yaşayış binasını sakinlər içəridə olarkən sökməyə cəhd göstərdiyi ilə bağlı videolar paylaşılır. Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı bildirilir. Bir neçə həftə əvvəl çəkildiyi deyilən videodan görünür ki, vətəndaşlar eyvanda dayanaraq söküntü prosesini izləyirlər. Onların çığırtılarından bilinir ki, söküntü haqda əvvəlcədən məlumatları olmadıqları üçün evlərini tərk edə bilməyiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.Melissa" tikinti şirkəti yayılmış görüntülərlə əlaqədar açıqlama verilməyib. Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onlarıın xəbəri olmadan evlərinin söküldüyünü mətbuata  bildirmişdilər.

Bu cür insan həyatına təhlükə törədən  qanunsuz addımlar cəmiyyətdə də qəzəblə, tənqidlə qarşılanıb. Mülkiyyət sahibinin nəinki razılığı olmadan, hətta azyaşlı uşaqları evdə ikən ağır texnika ilə söküntüyə cəhd edilməsi  ciddi ictimai müzakirə mövzusuna çevrilib.
Ümumiyyətlə, vətəndaş tikinti şirkəti ilə razılaşmırsa, bu halda dövlət necə müdaxilə etməlidir və necə qərar verilməlidir? Bu məsələdə sakinlərin və tikinti şirkətlərinin yaşadıqları problemlər nələrdir?

Mövzu ilə bağlı Sitat.info-ya danışan hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu sahədə vəziyyət acınacaqlıdır: "Bunun da günahkarı Bakı Şəhər İcra Hakimiyyətidir. İcra Hakimiyyəti vətandaşların yaşadığı binanın altındakı torpaq sahəsini öz sərəncamı ilə hansısa tikinti şirkətinin istifadəsinə verir. Sərəncamda qeyd edir ki, sakinlərlə razılaş, sök, yenisini tik, mənzil ver. Binanın da adına  “qəzalıdır” deyirlər. Bu qanuna ziddir. "Şəhərsalma və tikinti məcəlləsinə” görə bina qəzalıdırsa, FHN məhkəməyə müraciət etməlidir və bina sökülməlidir. Bunu dövlət etməlidir. Dövlət sökməlidir və sonra qərar verməlidir ki, tikilməsi necə olmalıdır və sakinlərə orada necə mənzil verilməlidir”.

Ə.Həsənov vurğulayıb ki, dövlət məsuliyyəti üzərinə götürməlidir:  "Bizdə dövlət məsuliyyəti üzərinə götürmür. Şəhərdə binaların qəzalı olub-olmaması özü bir sualdır. Həqiqətən belədir,  ya yox. Adını köhnə bina qoyurlar, ancaq Bakıda binaların əksəriyyəti belədir. Çoxu SSRİ dövründə tikilib,  onların da istismar dövrü bitib. Bəs niyə birini sökürlər, birini yox.. Tikinti şirkəti hardasa ev tikmək istəyir, gözü düşür bir binaya. Müraciət edir və Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz sərəncam verir. Deyir ki, “get, orada razılaş”. Sərəncam qanunla olsa belə , hər kəslə razılaş deməkdir. Əgər bir nəfər belə razı deyilsə, məsələ bitdi”.

Hüquqşünas əlavə edib ki, vətəndaş razı olmadıqda məhkəməyə verirlər: "Məhkəmə qanunsuz olaraq, o vətəndaşların razılığı olmadan mülkiyyət hüququndan məhrum edir. Hətta bundan sonra bəzi tikinti şirkətləri illərlə bina tikmir, insanlar evsiz qalırlar. Ümumiyyətlə,  bir nəfər razı deyilsə, oranı sökə bilməzlər. Çünki Konstitusiyaya görə, qanunlara əsasən “mülkiyyət hüququ" var. Yəni , vətəndaşdan icazəsiz evin sökülməsi tam özbaşınalıqdır. Belə hallarda vətəndaşları birliyə çağırıram, birlik olub məhkəmələrə üz tutsunlar və haqlarını məhkəmədən qanuni şəkildə tələb etsinlər”.

Aytac,

Sitat.info

 



Xəbər xətti