"Alkoqollu içkilərə minimum qiymətin tətbiqi qara bazarı canlandıracaq" - İqtisadçıdan MM-dəki müzakirələrə REAKSİYA

13:40 31 Oktyabr 2024

Xəbər verdiyimiz kimi, alkoqollu içkilərin satış qiyməti ilə bağlı qayda dəyişir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sitat.info xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bu dəyişikliyi doğru qəbul etmədiyini bildirib: "Hökumət deyir ki, alkoqollu içkilər ucuz satılır, olmaz, mən minimum qiymət qoyacam, ondan ucuz satmaq qadağan olunacaq. Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir. Çünki Milli Məclisdəki müzakirələrdən belə başa düşmək olur ki, bazarda çox ucuz alkoqollu içkilər var və onlar sağlamlığa zərər verir. Amma bunun səbəbi qiymətin aşağı olması ilə bağlı deyil. Əslində, ucuz və kefiyyətsiz alkoqollu içkilərin bazara necə daxil olması araşdırılmalı və bunun qarşısı alınmalıdır. Qiyməti artıracaqlar və bu dəfə eyni keyfiyyətsiz məhsullar, məsələn, 2 manata deyil, 3 manata satılacaq, dəyişən bir şey olmayacaq".

Natiq Cəfərli hesab edir ki, istər ərzaq məhsulları, istərsə də digər məhsulların qiymətini dövlətin müəyyənləşdirməsi 70 illik sovet dövründə keçdiyimiz yoldur: "Bu heç bir effekt vermədi, əksinə, sonradan qıtlığa, alverçilərin yaranmasına, keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb oldu. Buna görə də şəxsən mən, istər ideoloji, istərsə də iqtisadçı olaraq bu yolun qəti əleyhinəyəm. Qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir. Dövlət ədalətli hakim rolunu oynamalı və bazara çıxarılan keyfiyyətsiz məhsulların yığışdırılmasına çalışmalıdır. Bunun müxtəlif inzibati və hüquqi yolları var.Düşünürəm ki, əksinə, minimum qiymət rəsmən yüksəldikcə qara bazar artacaq və keyfiyyətsiz məhsullar bazara daha çox çıxacaq. Nəticə etibarı ilə insanların sağlamlığına daha çox zərər dəyəcək".

Məğrur,

Sitat.info



Xəbər xətti