Qəzza zolağında hər gün 60-dan çox uşaq ölür

14:50 9 Noyabr 2024

Qəzza zolağında hər gün orta hesabla 67 uşaq həlak olur.

Oxu.Az-ın "Al Jazeera" telekanalına istinadla məlumatına görə, bu barədə BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) əməkdaşı Luiza Uoteric bəyan edib.

Onun sözlərinə görə, son günlərdə İsrail ordusu agentliyin iki məktəbinə zərbələr endirib. Nəticədə 17 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Həmçinin, bildirilir ki, Fələstin anklavının mərkəzi və cənub hissələrində ehtiyacı olanlara gündəlik təxminən 400 min porsiya yemək paylayan 100-dən çox mətbəx ərzaq çatışmazlığı səbəbindən bağlanma təhlükəsi ilə üzləşib.

UNRWA-nın məlumatına görə, dərman və gigiyena vasitələri daşıyan təxminən 40 yük maşını Misir və İordaniya sərhədlərində Qəzzaya giriş üçün gözləyir.

"Sektorun yaşayış məntəqələrinin küçələrində 42 milyon tondan çox çınqıl və dağılmış binaların qalıqları toplanıb. Partlayıcı maddələrin, partlamamış mərmilərin və minaların konsentrasiyası mülki əhali üçün birbaşa təhlükə yaradır. Eyni zamanda, minatəmizləmə mütəxəssislərinin girişi və zərərsizləşdirmə işlərinin aparılması əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb", - deyə məlumatda vurğulanıb.



Xəbər xətti