Pezeşkian (İran Prezidenti Məsud Pezeşkian – red.) COP29-a qatılmaq, həm də öz vətəninin bir hissəsini İranın Prezidenti kimi görmək istəyirdi, amma dini lider imkan vermədi.
Sitat.info xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
“İranda prezidentin səlahiyyəti bizdə baş nazirin səlahiyyətindən azdır. Yəqin ki, Xameneiyə (İranın dini lideri – red.) də xarici dairələrdən və farsistlər tərəfindən təzyiq olunub. Azərbaycanın təklənməsi təəssüratının yaradılması yaxın və uzaq ölkələrdən bir çoxunun maraqlarına uyğundur. Həm də “mən türk kimliyimlə fəxr edirəm” deyən Pezeşkianın Bakı səfəri Cənubi Azərbaycanda türklərə öz milli haqları, dilləri uğrunda daha ciddi mübarizə aparmağa əlavə stimul, milli birliyimizə töhfə verər, türk birliyini gücləndirərdi”, - o bildirib.
Qeyd edək ki, Məsud Pezeşkianın COP29-da iştirak üçün Bakıya gələcəyi bildirilsə də, bu gün İranın mühafizəkarlara yaxın mediası ölkə prezidentinin səfərini ləğv etdiyini yazıb. Ancaq bununla bağlı rəsmi açıqlama yoxdur.