VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Ermənistan ərazisində fəaliyyət göstərən çoxsaylı terror təşkilatlarından biridir. Bu terror təşkilatının Qarabağdakı filialı xeyli müddətdir fəaliyyətə başlayıb. Sözügedən terror təşkilatının əsasən internet vasitəsilə üç yüzədək əcnəbini öz sıralarına cəlb etdiyi, müxtəlif düşərgələrdə təlim keçdikdən sonra onlardan müharibə zamanı Azərbaycana qarşı döyüşlərdə istifadə etdiyi faktlarla sübut olunub.
Sitat.info xəbər verir ki, bu sözləri VOMA erməni terror təşkilatının Xankəndidə özünə nümayəndəlik açması məsələsini Axar.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspertin sözlərinə görə, VOMA-nın tərkibində Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan muzdluların döyüşdüyü də təsdiqlənib:
“Təşkilat rəsmi İrəvandan, diaspordan külli miqdarda maliyyə yardımı alır. ASALA və PKK ilə ciddi əlaqələrə malik olan VOMA son iki ildə fəaliyyətini fasiləsiz şəkildə Azərbaycana qarşı terrorçular hazırlamaq üzərində qurub. Ermənistanın beynəlxalq konvensiyaları tapdayaraq muzdluların təlimi, maliyyələşdirilməsi, ələ alınması, onlardan istifadə etməsi faktı ölkəmizdə həbsdə olan erməni muzdluları və hərbçilərinin məhkəmə proseslərindəki izahatları ilə də öz təsdiqini tapıb. Təşkilat rəsmi internet səhifəsində dövlətdən heç bir yardım almadığını iddia etsə də, bu, tamamilə yalandır. Onlar Ermənistan dövlətindən kifayət qədər ciddi yardımlar alırlar. Hazırda təşkilata kəşfiyyat orqanlarında uzun müddət xidmət etmiş, eyni zamanda keçmişdəki döyüşlərin iştirakçısı olan Vova Vartanov adlı terrorçu rəhbərlik edir. Özünü Qaregin Njdenin davamçısı hesab edən Vova Vartanov yeni üzvlər qazanmaq üçün erməni diasporunun imkanlarından geniş şəkildə istifadə edir. Hesab edirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları rus sülhməramlıları ilə birgə təcili və təxirəsalınmaz şəkildə Qarabağdakı terror qruplarının zərərsizləşdirilməsi ilə bağlı fəaliyyətlərini daha da genişləndirməlidirlər. Əks təqdirdə ərazidə xidmət edən əsgər və zabitlərimizə qarşı təxribatların həyata keçirilməyəcəyinə dair heç kim zəmanət verə bilməz”.