Bolu Kartalkaya xizək mərkəzində oteldə baş verən yanğında həyatını itirənlərin sayı artıb.
Sitat.info bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilir ki, faciəvi hadisə nəticəsində həlak olanların sayı 66-ya yüksəlib, 51 nəfər yaralanıb.
Yanğının gecə saatlarında, 03.30-da başladığı və qısa müddətdə 4-cü mərtəbədə yerləşən restoran hissəsindən yuxarı qatlara yayıldığı bildirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı başsağlığı verərək, istintaqın başladığını açıqlayıb.
Daxili işlər naziri Ali Yerlikaya isə 267 nəfərlik şəxsi heyətin yanğının söndürülməsi üçün səfərbər edildiyini bildirib.
Taxta konstruksiyalı binanın çökmə riski olduğu üçün mütəxəssislər tərəfindən xüsusi xəbərdarlıq edilib.
Hadisə yerinə Bolu və ətraf bölgələrdən çoxsaylı yanğınsöndürənlər, AFAD və UMKE heyətləri, tibb briqadaları və helikopterlər cəlb olunub. Hoteldə qalan bəzi şəxslər çarşafları birləşdirərək, binadan enməyə çalışıblar və bu anlar kameralar tərəfindən qeydə alınıb./Musavat.com