SON DƏQİQƏ! Sərhədə cəmləşdirilmiş qoşunlar özlərini şübhəli aparır - YENİ GÖRÜNTÜLƏR

11:13 3 Fevral 2022

Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qoşun qruplaşmalarında “şübhəli dəyişikliklər” müşahidə olunur.

Virtualaz.org xəbər verir ki, bu haqda CNN telekanalı “Maxar Technologies” şirkətinin kommersiya peyklərindən əldə edilmiş yeni görüntülər əsasında bildirir.

Belə ki, Belarusun Ukrayna sərhədləri istiqamətində, habelə Krımda və Rusiyanın Ukrayna sərhədləri boyu səhra düşərgələrində dislokasiya olunmuş qoşunlar üçün praktiki olaraq hər yerdə sığınacaqlar yaradılır. Habelə qoşunların ümumi döyüş hazırlığı yüksəldilir. Səhra düşərgələrinin genişləndirildiyi də müşahidə olunur.

Əvvəllər səhra düşərgələrində əlavə personal üçün az sayda çadırlar müşahidə olunurdusa indi bütün dislokasiya yerlərində hərbi çadırlar və sığınacaqlar nəzərə çarpır. “Bu isə o deməkdir ki, bölmələr əlavə qoşun hissələri ilə gücləndirilir və ümumi döyüş hazırlığı yüksəldilir”,-materialda deyilir.

Məsələn, şirkət Krımın Novoozernıy rayonunda cəmləşdirilmiş qoşunların sentyabr ayında və yanvarın sonlarında çəkilmiş görüntülərini müqayisə edib. Sonuncu görüntülərə əsasən qoşunların fəallığı xeyli artıb, yeni çadırlar qurulub. Rusiyanın Ukrayna sərhədlərinə yaxın poliqonlarında isə intensiv artilleriya təlimləri keçirilir.

Qeyd edək ki, bəzi Qərb mənbələri Rusiyanın Ukraynaya hücumunun fevralın 10-u, 20-i aralığında baş verə biləcəyini bildirir. Ukrayna xarici işlər naziri Dmitri Kuleba ötən gün xarici KİV-lər üçün brifinqdə bu xəbərlərə münasibət bildirərkən deyib ki, Kiyevin sərəncamında olan informasiyalar mümkün hərbi müdaxilənin konkret tarixi barədə hətta mülahizə irəli sürməyə belə imkan yaratmır. Onun sözlərinə görə, hücumun başlayacağına dair heç bir mötəbər tarix yoxdur, belə məlumatlar ancaq ekspertlər tərəfindən təxmin kimi irəli sürülür.

Lakin son informasiyalara əsasən Rusiyanın hərbi müdaxiləsi qaçılmaz görünür. Belə ki, bir neçə saat əvvəl Rosqvardiyanın xüsusi bölmələrinin intensiv şəkildə Ukrayna sərhədlərinə tərəf daşındığı müşahidə edilib. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən böyük sayda zirehli transportyorlar, zirehli avtomobillər və hərbi yük avtomobillərinin müşaiyəti ilə qvardiyaçılar şosse yolu ilə Ukrayna istiqamətində daşınır. Bəzi məlumatlara görə Rosqvardiya bölmələri dəmir yol eşalonları ilə də daşınmaqdadır.

Rosqvardiya bölmələri mümkün  hərbi müdaxilə zamanı Rusiya qoşunlarının ələ keçirdiyi yaşayış məntəqələrinə nəzarəti təhvil almaq, habelə qoşunların arxa cəbhə təminatının təhlükəsizliyini təmin etmək, sərhədyanı rayonlarda nəzarəti gücləndirmək üçün istifadə edilə bilərdi.




Xəbər xətti