Moskvaya vilayətinə edilən PUA hücumu nəticəsində ölən və yaralananlar var.
Sitat.info xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.
“Bu gün səhər saat 4-də Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu başlayıb. Hazırda Leninski şəhər rayonunda və Domodedovoda bir nəfərin öldüyü, üç nəfərin yaralandığı məlumdur”, - o bildirib.
Moskva meri Sergey Sobyanin də 1 nəfərin öldüyünü təqsidləyib:
"Saat 05:14-də pilotsuz təyyarə qalıqlarının düşməsi nəticəsində “Miratorq” şirkətinin Domodedovodakı paylayıcı mərkəzinin ərazisində yerləşən obyektlərə ziyan dəyib. Təəssüf ki, hadisə nəticəsində şirkətin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb”.
Sobyanin Moskvaya doğru uçan 73 PUA-nın zərərsizləşdirildiyini qeyd edib.
***
Moskva vilayətinin Vidnoye şəhərinə edilən hücum nəticəsində biri 4 yaşlı uşaq olmaqla, 6 nəfər yaralanıb.
***
PUA hücumları nəticəsində Moskvanın Vidnoye, Ramenskoe və Domodedovo rayonlarında yaralananların sayı 20-yə çatıb. Onlardan 3-ü uşaqdır.
***
Qubernator Andrey Vorobyov hücum zamanı daha bir nəfərin öldüyünü təsdiqləyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva şəhəri və Moskva vilayəti üzərində 91 PUA zərərsizləşdirilib. Bu, 2025-ci ildən bəri Moskva şəhəri və Moskva vilayətinə edilən ən böyük hücumdur./Axar.az