Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili (Baş Katibi) Ülvi Məmmədovun Assosiasiyanın sədrinə ünvanladığı müraciət məktubunun nəticəsi olaraq, 31 mart 2025-ci il tarixindən etibarən onun təşkilatdakı Milli Baş Müvəkkil qismində fəaliyyətinin sona çatacağını elan edirik. 2021-ci ilin may ayının 15-dən etibarən bu vəzifədə öz işini davam etdirən Ülvi, həm Assosiasiyanın inkişafına, həm də skaut hərəkatının ölkədə genişlənməsinə və təşəkkül tapmasına mühüm töhfələr vermişdir.
Sitat.info xəbər verir ki, onun bu vəzifəyə təyin olunmasından sonra komandası ilə göstərdiyi liderlik, yalnız Assosiasiyanın daxili təşkilati potensialını deyil, həm də ölkəmizdə skaut hərəkatının nüfuzunu artırmışdır. Milli Müvəkkillər Şurasına rəhbərlik etdiyi dövr ərzində milli və beynəlxalq miqyasda mühüm təşəbbüslərə imza atmış, gənclər üçün yeni imkanlar yaratmış və ölkə miqyasında skaut fəaliyyətinin keyfiyyətini və kəmiyyətini artırmışdır. 4 illik dövr ərzində Assosiasiya uşaq, yeniyetmə, gənclər və yuxarı yaş təbəqəsi üçün müxtəlif təlimlər, layihələr və beynəlxalq tədbirlər həyata keçirmiş, bu da yeni skautların və gənclərin inkişafına dəstək olmuşdur. “Bizim komandamız birgə çalışaraq böyük nailiyyətlər əldə etdi. Mənim üçün ən böyük qürur, bizə üzv olanların həyatını dəyişdirmək və onlara bu hərəkatın bir parçası olmağı təmin etməkdir.” – deyə o, öz fəaliyyətini qiymətləndirib.
Azərbaycan Skautlar Assosiasiyasının Sədri İlyas İsmayıllı Ülvi Məmmədovun fəaliyyətini yüksək qiymətləndirərək bildirib: “Ülvi Məmmədovun Milli Baş Müvəkkil kimi fəaliyyətinin də dəstəyi ilə Assosiasiya çox yaxşı irəliləyişlər əldə edib. O, yalnız bir lider deyil, həm də komandasına və skaut hərəkatına sadiq bir dost və qardaşdır. Onun bütün fəaliyyəti gənclərin inkişafı və skaut hərəkatının gələcəyi üçün dəyərli təcrübə və iz qoymuşdur.”
Bunlara baxmayaraq, Ülvi şəxsi və peşəkar həyatında yeni istiqamətlərə yönəlmək məqsədilə Milli Baş Müvəkkil qismində fəaliyyətini bitirmək qərarına gəlmişdir. Bu qərarın onun üçün çətin olduğunu qeyd edərək, bildirib: “Yeni bir dövr başlamaq istəyirəm. Skaut hərəkatının mənə verdiyi və mənim ona verdiyim dəstəyi heç zaman unutmayacağam, amma inanıram ki, bu hərəkat daha böyük uğurlara doğru irəliləyəcək.”
Azərbaycan Skautlar Assosiasiyasının gələcək fəaliyyətindəki uğurlara əminik ki, Ülvi Məmmədovun təcrübəsi və göstərdiyi dəstək hər zaman yaddaqalan olacaqdır. Biz Assosiasiyanın bütün üzvləri və tərəfdaşları adından ona gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Onun skaut hərəkatına verdiyi töhfələr unudulmayacaq, vəd etdiyi dəstəyi və bağlılığı isə həmişə davam edəcəkdir.