Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq.
Sitat.info xəbər verir ki, aviaşirkət iyunun 19-dan etibarən Azərbaycanın füsünkar bölgəsi Qəbələ ilə dinamik inkişaf edən Əbu-Dabi arasında uçuşlar həyata keçirəcək.
Reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviailetlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.
Yeni marşrutun açılması münasibətilə “Wizz Air Abu Dhabi” xüsusi aksiya elan edir: WIZZ Discount Club proqramının üzvlərinə və satışın ilk üç günü bütün sərnişinlərə 20% endirim tətbiq olunur.