Martın 21-də Şimali Koreya lideri Kim Çen İn Pxenyanda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər regional və beynəlxalq vəziyyət, beynəlxalq ədalətin qorunması və iki ölkənin təhlükəsizlik maraqları ilə bağlı geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Yoldaş Kim Çen İn bildirib ki, Rusiya ordusu və xalqının həyata keçirdiyi xüsusi hərbi əməliyyat sarsılmaz gücün, vətənpərvərliyin və ədalətli işin nümayişidir. O, KXDR-in bundan sonra da Rusiyanın dövlət suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizlik maraqlarını qorumaq uğrunda apardığı mübarizəni qətiyyətlə dəstəkləyəcəyini vurğulayıb", – agentliyin məlumatında qeyd edilib.
Bundan başqa, görüşdə iki ölkə arasında vahid mövqenin təsdiqləndiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Sergey Şoyqu KXDR-ə Ukrayna məsələsində Rusiyaya göstərdiyi dəstəyə görə təşəkkür etmişdi.