Sabirabadda qətlə yetirilən 16 yaşlı Nuranə Ələkbərovanın anası yaşadığı ünvana qayıdıb.
Qonşuların verdikləri məlumata görə, qadın hadisədən sonra psixoloji gərginlik keçirdiyi üçün qohumlarının evinə aparılıbmış.
Ona müəyyən müddətə yardım göstəriləndən sonra yenidən evinə qaytarılıb. Hazırda qadın qeydiyyatda olduğu yox, yaşadığı ünvandadır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumat yoxlanılıb və qadın hazırda evindədir, itkin düşmə faktı yoxdur.
Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.