Belarus səfiri ADU-da qonaq oldu

19:00 20 İyun 2025

 

İyunun 19-da Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Sitat.info xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir.

“Bizi bir-birimizə möhkəm dostluq münasibətləri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi elmi, mədəni sahələrdə də əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzi əlaqələrimizin qurulması baxımından mühüm əhəmiyyətə malikdir. ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərir”, - Kamal Abdulla bildirib.

Səfirə ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib.

Rektor səfiri ADU-nun “Məzun günü”nə dəvət edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

 



Xəbər xətti