“Sabah” Avropa Liqası 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Sloveniyanın “Çelye” klubunu qəbul edəcək.
Sitat.info xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm. Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur. Həyəcanla və səbirlə bu matçı gözləyirik. Rəqibin böyük təcrübəsi var. Keçən mövsüm çox sürprizlər ediblər. Bilirik ki, "Çelye" ötən mövsüm Konfrans Liqasında irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizi stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, ilk oyun üçün yaxşı nəticə əldə edək.
- Azərbaycana gəlişiniz necə alındı? "Sabah"ın təklifi ilə tez bir zamanda razılaşdınız?
- Belə vəziyyətlərdə çox tez qərar verirsən. "Sabah" təklif göndərəndə, başqa klubla müqaviləm var idi. "Sabah"ın çox iddialı olması qərarıma çox təsir etdi. Bilirəm ki, klub 8 ildir yaranıb. Çox uğurlar əldə ediblər. Ötən mövsüm kuboku qazanıblar. Klubun iddiası məni cəlb etdi ki, bura gəlim. İnanıram ki, 4-cü gün uğurlu çıxışla irəli addım atmış atacağıq.
- "Sabah" nəyin hesabına "Çelye"ni keçə bilər?
- Bu tip oyunlarda xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Onlar keçən illə müqayisədə 5-6 önənli oyunçusunu itirib. Sadəcə 1 yoldaşlıq görüşü keçiriblər. Onların nəyə qadir olduğunu demək hələ çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır. İnanıram ki, belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq.
- "Omoniya"nın baş məşqçisi kimi "Zirə"ni keçərək, Konfrans Liqasında qrupa düşmüsüz. Hazırkı komandanızda bu potensialı görürsüz?
- İki komandanı müqayisə etmək düzgün deyil. Amma öz komandamda bu potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum futbolu oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vurmaq istəsin.