Jurnalistin ən böyük xoşbəxtliyi - Mətbuatın 150 yaşına ithafən...

09:51 22 İyul 2025

Mətbuatımızın yaşı Cümhuriyyətimizin yaşınan böyükdür. Çünki dövlət quruculuğuna gedən yol həm də mətbuatdan keçib. Məhz MƏTBUAT kütlədən cəmiyyət yaradır, onun düşüncəsini qaragüruhdan ictimai rəyə çevirir, insanları maarifləndirir və ondan vətəndaş yaradır.

150 yaşı tamam olan qocaman mətbuatımız yeni medianın nəfəsi ilə daha sürətli, daha böyük imkanlarla işləyir. Xəbərlərimizə, çıxışlarımıza milyonlar baxır, minlərlə şərhlər, reaksiyalar gəlir. Mətbuat cəmiyyətə heç vaxt bu qədər yaxın, bu qədər interaktiv olmamışdı. Bir jurnalist olaraq indi daha böyük auditoriyaya çıxış imkanına sahib olmaq həm məsuliyyət, həm də böyük şansdır.

Bəzən sosial şəbəkələrdə operativ xəbərlər çatdırdıqda, insanlar təəccüblə yazılar: "Bu xəbərləri çatdırmaqda marağınız nədir, axı hamı izləyib keçir, siz nə qazanırsınız?". 

Biz məlumatlı cəmiyyət üçün çalışırıq. Çünki bilgisizlik ən böyük bəladır. Bilməmək bütün faciələrin başında gəlir. Biz jurnalistlər cəmiyyəti maarifləndirməyə, məlumatlandırmağa çalışırıq ki, fərdlər vətəndaşa çevrilsin, savadlı cəmiyyət formalaşsın.

Sadə desək, bəziləri üçün bir xəbər həyatını dəyişəcək, bəziləri sadəcə yağış yağacağını öyrənib çətirini götürəcək. 

Bir də jurnalistika sayəsində həyatına toxunduğumuz insanlar var -  bu mənim ən böyük xoşbəxtliyimdir. Bir yazı ilə talelər dəyişib, bir ailə qaranlıqdan işığa çıxıb, bir insan xilas olub - heç bir mükafat bunu əvəzləyə bilməz. Özümə ən çox bu uğuru arzulamışam- daha çox insanın həyatına toxunmaq...

Həsən bəy Zərdabinin ruhuna ehtiramla...

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti