“Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır. Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb, ölkəmizi, klubumuzu layiqincə təmsil etməkdir.
Sabah ilk oyunumuza çıxacağıq. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız ideal formada olmasa da, ideala yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun praktikasıdır. Hər ikimizdə də vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun. İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var. Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar. Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Hayduk” oyunundan öncə keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Rəşad Sadıqov deyib:
- “Hayduk” kimi rəqibin adı hər şeyi deyir. Hansı planda onlardan üstün olmalısız?
- Daha çox öz komandam haqda düşünürəm ki, sabah və cavab oyununda biz hansı vəziyyətdə olacağıq, oyun intizamını nə səviyyədə icra edəcəyik ki, nəticə bizim üçün uğurlu olsun. Hədəfimiz mərhələni keçməkdir. Rəqib də bundan ötrü meydana çıxacaq. Kimin daha uğurlu olacağını oyunlar göstərəcək.
- Rafael Utziq və Salifu Sumanın gələcək taleyi necə olacaq?
- Suma bu gün komanda ilə vidalaşdı. 1 həftə-10 gün olar ki, razılıq əldə edilmişdi. Xırda məsələlər müzakirə olunurdu. Hazırda səfərə çıxır. Suma bizimlə olmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Ona baxacağıq. İstəyərdim ki, karyerası bundan uğurlu olsun. Utziqə gəldikdə, o, komandadan ayrılmaq istəyir. Fərdi söhbətimiz olmuşdu. Qərara gəlmişdik ki, planlarımıza daxil etməyək. Artıq prosesləri klub rəhbərliyi ilə müzakirə etməli idik. Elə məsələlər var ki, idarə heyəti məşğuldur. O, ayın 14-dən Bakıda olmalı idi. Amma 1 aydan sonra Bakıya gəldi. Hazırda həm pul cəriməsi olunub, həm də 4 həftə əvəzedici heyətdə iştirak etməlidir. Özü bilir. Növbəti nə tədbirlər görüləcəksə bunu zaman göstərəcək. Rəhbərliklə arasındakı danışıqlar, təkliflərdə razılıq əldə olunmadı. Təkliflər klubu qane etmədi.
- Salifu Suma hansı kluba gedir?
- Rəsmiləşdikdən sonra bilinəcək.
- “Neftçi Arena” sizin üçün doğma arena deyil. Burada oynamaq necə hiss olacaq?
- Bura mənim üçün həmişə doğmadır, “Neftçi”nin stadionu mənim üçün həmişə doğmadır. Burada çıxış etməyimizi istəyənlərdən biri mənəm. Çox istədim ki, burada oynayaq. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu periodda stadionda keçirilən oyunlar təhlükəlidir. İstidir. Onlara təşəkkür edirəm. Bura gözəl stadiondur. Həmişə burada oyunlar maraqlı keçir. Biz də istəyirik ki, oyunlar azarkeşlər üçün maraqlı olsun.