Valideynlər, DİQQƏT! Narkotik asılılığının kökündə UŞAQLIQ TRAVMALARI dayanır...

07:18 31 May 2022

Narkotiklərin qanunsuz dövriyyəsi və narkotik maddələrdən istifadə bu gün cəmiyyəti narahat edən əsas problemlərdəndir. Əsasən də gənclər narkotik asılılığına tez yönəlirlər. Bunun səbəbi nədir və onları narkotikdən qorumaq üçün nə etməliyik? Eləcə də boşanmaların artmasında narkotikin rolu nədən ibarətdir? 

Sözügedən məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev bildirdi ki, maddə asılılığına aparan əsas faktorlardan başlıcası, uşaqlıq travmalarıdır: “Bu özündə fizioloji və psixoloji  travmaları ehtiva edir. Ona görə də, asılılığa gedən yol uşaqlıqdan başlayır. Uşaqların düzgün tərbiyəsi, maarifləndirilməsi, şəxsiyyət kimi qəbul olunması, söz haqqının verilməsi və müsbət keyfiyyətli şəxsiyyət kimi formalaşdırlması  maddədən uzaqlaşdırılmasına yol açır. Şəxslər konkret şəkildə öz sözlərini deməyi bacarmalı,  güclərinə, bacarıqlarına arxalanmalı və əsası da, “yox” demək bacarığını inkişaf etdirməlidirlər. Çünki maddə istifadəçilərinin əksəriyyətində müəyyən bir problem var. Başqa bir davranışla onun qısa müddətli aradan qalxacağını düşünürlər, amma beyin o  an qərar verə bilmir ki, problem olduğu kimi qalır.  Ona görə də qısa müddətli həll yolu olaraq maddəni seçirlər. Və o problemdən əlavə, ciddi beyin xəstəliyi olan asılılıq problemi ortaya çıxır". 


Psixoloq gəncləri narkotikdən qorumağın yollarından danışdı: “Bacardığımız qədər uşaqlarda daxili və xarici resursları aktivləşdirməli, zənginləşdirməliyik. Kitab mütaliəsi, idmana meyillilik,qrup və fərdi terapiyalar, ailələrlə iş, şəxsin yaşamağına sosial, ideoloji, psixoloji sferada mübarizəsi üçün maneə törədən bütün faktorları nəzarətdən keçirməliyik ki, gələcəkdə maddəyə yönümlü şəxsiyyət kimi formalaşmasın”.

Onun sözlərinə görə, boşanmaların artmasında maddə asılılığının da rolu böyükdür: “Maddə istifadəsi zamanı şəxsdə bir sıra dəyişikliklər baş verir. Əsasən düşüncə və davranışlarında ortaya çıxan ciddi problemlər qarşı tərəflə münasibətlərdə boşluqlar, konfliklər yaradır. İnsanlara qarşı laqeydlik, aqressiya, diskomfortluq və sair problemlər ailələrin birlikdə davam etməsinə əngəl törədir”.

Ramin Allahverdiyev onu da vurğuladı ki, bir maddənin leqallaşdırılması o maddəyə olan tələbatın azaldılması demək deyil: “Leqallaşdırılma  dedikdə sahib olduğumuz coğrafiyanın milli-mənəvi dəyərləri, adət- ənənələri, insanların dünya görüşü, yanaşma tərzi, İQ səviyyəsi nəzərə alınmalıdır. Mən maddələrin leqallaşdırılmasının tərəfdarı deyiləm. Sadəcə, elə etməliyik ki, asılı şəxslər yetişdirməyək. Üzərində əsas durduğum məsələlərdən biri ailə, bağça və məktəbdir. Bu 3 sahədə işlər qaydasında  getdiyi təqdirdə, asılılıqdan daha az əziyyət çəkən vətəndaşlarımızla rastlaşacağıq”.

Nigar Abuzər 

SİTAT.İNFO



Xəbər xətti