Kremlə sanksiyalar yağdıran Qərb dövlətləri "qaz embarqosunda" ƏYLƏCƏ BASDI

16:10 2 İyun 2022

Avropa İttifaqının Rusiyaya qarşı kömür və neft sanksiyaları tətbiq etmək qərarından sonra aydın oldu ki, reallıqda təbii qazı da əhatə edən  enerji  məhsullarının idxalında yeni məhdudiyyətin tətbiqi gözlənilmir.

Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra Aİ bu ölkəni hədəf alan bir sıra iqtisadi sanksiya qərarları qəbul edib. Xüsusilə enerji sahəsində Rusiyadan kömür və neft idxalını böyük ölçüdə azaltmağa qərar verən Aİ ölkələri,  məsələ təbii qaza gəldikdə yeni sanksiyalar tətbiq etmək istəmir.

Təbii qaza olan tələbatının 40 faizini Rusiyadan qarşılayan Aİ ölkələri bu enerji resursunu başqa mənbələrdən alınmağa çətinlik çəkdikləri üçün qaz sanksiyalarına soyuq yanaşırlar.

Avropa ölkələrinin liderləri həftə içi keçirilən və Rusiyadan neftin 90 faiz azaldılması ilə nəticələnən Aİ Liderlər Zirvə toplantısından sonra enerji sanksiyalarında əyləcə basacaqlarına işarə ediblər. 

Ekspertlər öncədən də deyirdilər ki, Rusiyaya qarşı təbii qaz sanksiyaları çətin görünür. 

Belçikanın baş naziri Alexander De Croo, neft sanksiyalarını ehtiva edən paketin Brüssel sammitindən sonra böyük bir addım olduğunu bəyan edib. Bununla belə, sanksiyaların dayandırılmasının vacib olduğunu deyən De Croo təbii qaz embarqosunun neftdən daha mürəkkəb bir məsələ olduğunu bildirdi və razı olmadığına işarə vurub.  

De Croo keçən həftə də demişdi ki, sanksiyalarda əsas prinsip qarşı tərəfə daha çox zərər verməkdir və Rusiyaya tətbiq edilən sanksiyalar avropalılara ağır təsir etməməlidir. Xarici siyasətin Avropa vətəndaşlarına necə təsir edəcəyi müəyyənləşməli , onlar ziyandna müdafiə edilməli, daha sonra bu addımlar atılmalıdır.

İrlandiyanın baş naziri Mixael Martin, dünənki sammitdən sonra verdiyi açıqlamada neft sanksiyalarını dönüş nöqtəsi kimi qiymətləndirərək, təbii qaz sanksiyaları ilə bağlı konsensusun neftdən daha çətin olacağını bildirib. Rusiyaya ən sərt reaksiya verən ölkələr arasında yer alan Estoniyanın baş naziri Kaja Kallas da deyib ki,  reallıq buna icazə vermir və təbii qazın sanksiyalar paketinə daxil ediləcəyini düşünmürəm. 

Avstriyanın baş naziri Karl Nehammer də bildirib ki, Aİ Rusiya qazı istiqamətində addım atmamalıdır. Nefti kompensasiya etməyin daha asan olduğuna diqqət çəkən Nehammer, "Təbii qaz enerji təchizatı təhlükəsizliyi baxımından neftdən çox fərqli bir mövqedədir. Bu səbəbdən qaz embarqosu növbəti sanksiyalar paketində müzakirə edilməyəcək" -deyib.

Bəzi üzv dövlətlərin sərt müqaviməti nəticəsində hətta neft sanksiyaları yumşalsa da, mümkün təbii qaz sanksiyasının Aİ ölkələrini parçalayacağı şübhəsiz görünür.

Həm də təbii qaz təchizatı neft qədər asan deyil. Beynəlxalq bazarlarda nefti dəniz yolu ilə başqa mənbələrdən tədarük etmək mümkün olsa da, o təbii qazı təmin etmək mümkün deyil.

Təbii qaz sanksiyaları iqtisadiyyata ziyan vurur!

 Aİ-nin Rusiyadan təbii qaz alışını azaltmasının Almaniya və İtaliya başda olmaqla qitənin ən böyük iqtisadiyyatlarına böyük ziyan vuracağı gözlənilir. Bunun digər nəticəsi avropalıların son dərəcə yüksək enerji ödənişləri ilə üzləşməsi olacaq. Avropada son vaxtlar inflyasiya artıq pik həddinə çatıb. İnflyasiyanın artmasının ən mühüm səbəbi enerji qiymətlərinin artmasıdır.

Enerji məhsullarının qiymətinin sürətlə artması ilə yanaşı, böhranla əlaqədar ərzaq məhsullarının qiymətləri artır. Bu vəziyyət ümumi qiymət səviyyələrini yüksəldir və alıcılıq qabiliyyətini aşağı salır. Bu səbəbdən enerji qiymətlərini daha da yüksəldəcək təbii qaz sanksiyaları gözlənilmir.

Aİ Rusiyaya sanksiya tətbiq etmək istəyir...

 Rusiya-Ukrayna müharibəsindən sonra Aİ Rusiyaya qarşı çoxlu sayda sanksiya paketi hazırladı. Hazırda Aİ-nin qüvvədə olan 5 sanksiya paketi var. Bunlar maliyyə, enerji, nəqliyyat, ixraca nəzarət və maliyyələşdirmə və viza siyasəti kimi müxtəlif sahələri əhatə edir. Yüzlərlə şəxs və onlarla Rusiya qurumu, o cümlədən Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov,  Rusiya parlamentinin deputatları, tanınmış oliqarxlar, jurnalistlər, hökumət və hərbi rəsmilər də Aİ-nin sanksiya siyahısındadır.

Bu şəxslərin və qurumların aktivləri dondurulur və səyahət qadağası qoyulur. Aİ-nin  sanksiya tətbiq etdiyi şəxslərin sayı mini keçib, qurumların sayı isə 100-ə yaxınlaşıb. Sanksiyalar çərçivəsində bir çox Rusiya bankı da SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılıb. Bundan başqa, Rusiya Mərkəzi Bankının Qərb ölkələrindəki ehtiyatları dondurulub. Rusiya gəmiçilik sənayesinə avadanlıqların tədarükü qadağandır. Rusiya gəmilərinin Avropa limanlarından istifadəsinin qarşısı alınıb. Rusiyadan quru nəqliyyatı da sanksiyalara daxildir. Rusiyaya dəbdəbəli mallar, yüksək səviyyəli elektronika, proqram təminatı, dəqiq maşın və nəqliyyat avadanlığı kimi digər məhsulları hədəf alan ixrac qadağaları tətbiq edilib.

Lamiyə Xəqani

SİTAT.İNFO

 

 



Xəbər xətti